Kiyev, 30 oktyabr, AZƏRTAC
Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə oktyabrın 29-da Kiyevdə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyənin və Ukraynanın Dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına müraciəti oxunub.
Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgen çıxış edərək bildirib ki, müharibə başlayan gündən Türkiyə Ukraynaya dəstəyini davam etdirib. Bu gün də Türkiyənin iş adamları Ukrayna iqtisadiyyatının inkişafına sərmayə qoymaqdadır.
“Türkiyə müharibənin danışıqlar yolu ilə həllinə çalışır. Bu məqsədlə İstanbulda bir neçə dəfə Türkiyənin təşəbbüsü ilə Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü olub. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və bu istiqamətdə səylərini davam etdirəcək”, - deyə türkiyəli diplomat əlavə edib.
Müharibə dönəmində göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirən Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovka qeyd edib ki, Türkiyə hər zaman müharibənin ədalətli həlli üçün vasitəçilik rolunu oynayıb. Bu gün Türkiyə, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanəti məsələsində aktiv rol oynayır. Qeyd olunub ki, bu gün də Türkiyə Ukraynaya dəstəyini əsirgəmir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev