“Cənubi Qafqaz son beş ildə tamamilə fərqli siyasi mərhələyə daxil olub. Bu prosesdə region ölkələrinin mövqeləri yenidən formalaşsa da, ən ciddi transformasiya Ermənistanda müşahidə olunur. Uzun illər Moskvanın orbitində qalan bu ölkə indi fərqli istiqamətdə hərəkət edir. Ermənistanın Qərbə inteqrasiya cəhdləri təkcə 2018-ci il inqilabının nəticəsi deyil — əsas amil, regionda baş verən geosiyasi dəyişikliklərin doğurduğu yeni reallıqdır. Əgər bir vaxtlar Ermənistanın siyasətini müəyyən edən əsas faktor Rusiya idisə, indi bu asılılıq zəifləməyə başlayıb. Nikol Paşinyan hakimiyyəti Qərblə münasibətləri inkişaf etdirməyə çalışır, lakin bu kurs təsadüfi deyil. 2020-ci il müharibəsindən sonra yaranmış vəziyyət İrəvana yeni manevr imkanı verib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və 2023-cü ildə separatçı qurumun tam ləğvi Ermənistan üçün illərlə üzərində dayandığı “Qarabağ yükü”nün sona çatması deməkdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Cənubi Qafqazda son illərdə yaranan yeni siyasi düzən region ölkələrinin istiqamətini dəyişib. Bu dəyişikliklərdən ən çox təsirlənən dövlətlərdən biri isə Ermənistandır. Uzun illər Rusiya orbitində qalan İrəvan indi fərqli siyasi yol seçməyə çalışır. 2020-ci il müharibəsi və onun ardınca baş verən hadisələr Ermənistanı həm daxili, həm də xarici siyasətdə dönüş nöqtəsinə gətirib çıxarıb.
Siyasi şərhçi bildirib ki, bu məsələ İrəvan üçün təkcə siyasi yox, həm də iqtisadi və diplomatik baxımdan ciddi məhdudiyyətlər yaradıb.