Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (RTTYM) “camaşırların yuyulması, ütülənməsi və çatdırılması” xidmətinin satınalınması üçün tender keçirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “PRO LAUNDRY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bağlanacaq müqavilənin ümumi dəyəri 24 min 198 manat 95 qəpik təşkil edir. Sazişə əsasən, şirkət Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Salyan, Şirvan, Yevlax, Mingəçevir, Şamaxı, İmişli, Siyəzən, Kürdəmir və Cəlilabad Təcili Tibbi Yardım Stansiyalarında istifadə olunan camaşırların yuyulması, ütülənməsi və çatdırılması xidmətini həyata keçirəcək.
Satınalmanın texniki göstəricilərinə görə, xidmətin həcmi təxminən 5 min 650 kiloqram camaşır üzərində nəzərdə tutulub.
Maraqlı məqam odur ki, tenderin qalibi olan “PRO LAUNDRY” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır.
Şirkətin qanuni təmsilçisi Nihad Əliməddətli Yusif oğlu kimi qeyd olunur.
Qeyd edək ki, bu tip xidmətlər tibb müəssisələrində infeksion təhlükəsizliyin təminatı üçün vacib sayılır və daimi dezinfeksiya, yüksək temperaturda yuma və gigiyenik daşınma mərhələlərini əhatə edir.
Xatırladaq ki, Mirələm Cəlalov 2023-cu ildə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor təyin olunub. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub.