AZ

Vladimir Putin nə oxuyur?

Rusiya lideri tarixə aludədir, amma mənbələrini gizlətməsinin bir səbəbi var...

Poliqon xəbər verir ki, The Financial Times nəşrində dərc olunan məqalədə Oksford Universitetinin dünya tarixi üzrə professoru Piter Frankopan Vladimir Putinin tarixə münasibətini və onun bu sahədə formalaşmış dünyagörüşünü təhlil edib. Müəllif yazır ki, Rusiya prezidenti tarixi hadisələrə və fiqurlara dərin maraq göstərir, lakin mənbələrini deməkdən çəkinir – çünki onun “tarixi biliyi” çox vaxt şəxsi baxışlarına əsaslanır, elmi istinadlara yox.

Frankopan bildirir ki, ABŞ prezidenti Donald Trampın Budapeştdə Putinlə planlaşdırılan görüşü ləğv etməsinin səbəbi də qismən bununla bağlı olub. Tramp əvvəlki görüşlərdə Putinin “uzun və əlaqəsiz tarixi monoloqlarına” dözməkdə çətinlik çəkmişdi. Xüsusilə Alyaskadakı danışıqlarda Putin orta əsr Rus knyazları – Rurik və Yaroslav Müdrikdən tutmuş XVII əsr kazakı Boqdan Xmelnitskiyədək uzanan söhbətlər açaraq əsas mövzudan yayınmışdı.

Nəzarətçilər bunu məqsədli taktika kimi qiymətləndiriblər: Putin danışıqları uzadaraq qarşı tərəfi yorur, diqqəti hazırkı siyasi məsələlərdən uzaq tarixə yönəldir və beləliklə, Ukrayna ilə mümkün sülh sazişi ətrafındakı müzakirəni qeyri-müəyyənləşdirir.

Məqalədə qeyd olunur ki, Putin özünü “keçmişin dərindən bilicisi” kimi göstərməyi sevir. 2021-ci ildə yazdığı “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqaləsində o, Rurik, Bobrok Volınski, Andrey Polotski və Dmitri Bryanski kimi orta əsr şəxsiyyətlərinə geniş yer ayırmış, Rusiyanın Ukrayna və Qərblə qarşıdurmasını minillik tarixi kontekstdə təqdim etmişdi.

Hətta ötən il amerikalı jurnalist Taker Karlsonla müsahibəsində də Putin “tarixi arayış” vermək istəmiş, “əgər etiraz etmirsinizsə, 30 saniyəyə qısa izah edim” deyərək yarım saatlıq mühazirəyə başlamışdı. Karlson bir anda onun sözünü kəsərək “üzr istəyirəm, bu hansı dövrdür, mən çaşdım” dedikdə, Putin cavabında “XIII əsrdir” demiş və əlavə etmişdi: “İndi davam edim, qarışıqlıq olmasın deyə tarixləri də çəkəcəm”. Daha sonra o, “Mənbələrim uydurma deyil, sənədləri sizə göstərəcəyəm”, deyərək əməkdaşlarına qovluq gətirməyi işarə etmişdi.

Professor Frankopan yazır ki, Putin çox oxuyan və tarixə dərin bələd olan biri kimi təqdim olunsa da, onun danışdıqları illərdir dəyişmir.

“Son 25 ildə onun çağdaş tarixçilərə istinad etdiyini görməmişəm”, deyə müəllif vurğulayır. Onun fikrincə, Putinin çıxışlarında tez-tez sabiq mədəniyyət naziri Vladimir Medinskinin “Rusiyanın mifləri” kitabındakı ideyalara bənzər fikirlər səslənir.

Putin ədəbiyyata istinad edəndə də eyni yanaşmanı qoruyur. O, tez-tez Puşkin, Tolstoy və Çexovun, bəzən isə Bulqakov və Mayakovskinin adlarını çəkir, amma konkret əsərləri nadir hallarda xatırladır.

“Putin üçün rus yazıçıları, bəstəkarları və rəssamları ayrı-ayrı müəlliflər deyil, Rusiya mədəniyyətinin böyüklüyünü sübut edən bütöv bir milli irsdir”, deyə Frankopan yazır.

Məqalədə vurğulanır ki, Putin üçün tarix keçmişi öyrənmək vasitəsi deyil, milli kimliyi və dövlət ideologiyasını əsaslandırmaq alətidir. O, bu mesajı Qərb liderlərinə də ötürməyə çalışır. Məhz buna görə Tramp onunla yeni görüşü “vaxt itkisi” hesab edib.

“Tarix, əlbəttə, önəmlidir. Amma müharibə dövrlərində müəyyənedici olan keçmiş deyil, bu gün və gələcəkdir”, deyə professor yazını yekunlaşdırır.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr