GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son vaxtlar paytaxtın bir çox küçə və bazarlarında balıq satanların sayı artıb. Əvvəllər yalnız supermarket və iri bazarlarda rast gəlinən bu mənzərə indi demək olar ki, hər məhəllədə görünür. Bəziləri bunu mal ətinin bahalaşması ilə əlaqələndirir, digərləri isə insanların daha sağlam qidaya, balığa üstünlük verməsi ilə izah edir. Amma küçədə satılan məhsulun təhlükəsizliyi ilə bağlı müəyyən suallar yaranır.
Globalinfo.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, balıq riskli məhsullar sırasına daxildir:
“Düzgün saxlanmadıqda, mənşəyi məlum olmadıqda, emal və bişirmə şəraiti yanlış olanda qida zəhərlənməsi qaçılmazdır. Bəzi balıqçılar və satıcıların doğru bildikləri yanlışlar var, bu da insan həyatını təhlükəyə atır. Zəhərlənmələrdən əsasən hamilə qadınlar, immun sistemi zəif olanlar, yaşlılar, uşaqlar, həmçinin kimyaterapiya alan şəxslər əziyyət çəkilər. Doğru şərtlərdə satılmayan, mənşəyi və saxlanma şəraiti məlum olmayan balıqlar çox təhlükəlidir”.
Ağa Salamov
Ekspert bildirib ki, balığın tərkibində histamin maddəsinin artması onu zəhərli hala gətirir:
“Küçədə, piştaxtanın üstündə, maşının arxasında və bu kimi yerlərdə satılan balıqlar təhlükə vəd edir. Hava-damcı yolu ilə gələn virus və bakteriyalar məhsulun üzərinə hopa bilər. Bu, qismən təhlükəlidir, çünki balıq sonradan yuyulur və bişirilir. Əsas risk odur ki, balıq buzun içində saxlanmadıqda, soyuducu ilə təchiz olunmamış yerlərdə satıldıqda, bakteriya yükü sürətlə artır. Bu da, xüsusilə risk qrupuna aid insanlarda ölümcül nəticələrə gətirib çıxara bilər”.
Ağa Salamov qeyd edib ki, düzgün mənbədən məhsul almaq lazımdır:
“Pulcuqları tökülən, qarnı şişən, əti sümüyündən ayrılan balıqlar almasınlar. “Balığın qulağı qırmızı olanda təzə olur” kimi sözlər boş söhbətdir. Çünki bəzi işbazlar balığın qulağına çuğundur suyu vururlar ki, təzə görünsün. Ona görə də istehlakçılar ehtiyatlı olmalıdırlar”.
Zaira Akifqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        