Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanovla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. O qeyd edib ki, nadir idarəçilik bacarığı, liderlik keyfiyyətləri, fitri istedadı, dərin intellekti və yüksək vətənpərvərlik ruhu ilə Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və mədəni əsaslarını formalaşdırıb, ölkəmizin dünya miqyasında tanınmasına və inkişafına mühüm töhfə verib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında vurğulayıb ki, bu gün ölkəmizdə mövcud olan sabitlik və inkişafın, eləcə də Azərbaycanın qazandığı nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasi xətti dayanır. O, həmçinin bu gün gənclər üçün yaradılan geniş imkanlar, müasir təhsil şəraiti və dövlətin gənclərə göstərdiyi diqqətin Ulu Öndərin ideologiyasının uğurlu davamının bariz nümunəsi olduğunu vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın dövlət quruculuğunun əsas sütunlarından biri kimi güclü və peşəkar ordu formalaşdırılıb: “O, ordu quruculuğunu milli təhlükəsizliyin və dövlət müstəqilliyinin təminatçısı kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan mühüm qərarlar, hərbi təhsil sisteminin yenidən qurulması və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini yüksəltdi. Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar, texnoloji modernləşmə və zabit heyətinin peşəkarlığının artırılması müasir ordu modelinin yaranmasına səbəb oldu. 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, 2023-cü ilin antiterror tədbirləri bu siyasətin real nəticəsi və milli iradənin təntənəsi oldu. Bu qələbələr Ümummilli Lider Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev siyasətinin vəhdətinin ən parlaq təzahürüdür”.
Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.