AZ

"Önəmli nəqliyyat mərkəzi" kimi Zəngilanın perspektivləri göründü…


Tahir Mirkişili: “ZəngilanAzərbaycanın gələcək nəqliyyat və iqtisadi mərkəzlərindən biri olacaq”

Zəngilan Azərbaycanın qədim, strateji və mədəni baxımdan mühüm bölgələrindən biridir. Zəngilan bu gün dirçəlişin, iradənin və müasir inkişafın simvoluna çevrilib.

Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə Zəngilanın çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcəyi haqqında danışıb. Ölkə başçısı qeyd edib ki, həm Zəngəzur dəhlizi, həm də Araz dəhlizi buradan keçəcək: “Bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq”.

“Zəngilan yaxın illərdə Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirən, regional əməkdaşlığı gücləndirən real mərkəzə çevriləcək”

Zəngilanın çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcəyi barədə danışan millət vəkili Tahir Mirkişili “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Zəngilan rayonu qısa müddətdə Azərbaycanın ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək üzrədir: “Prezident İlham Əliyevin Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə söylədiyi “Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək” sözləri bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərini əks etdirir. Hazırda Zəngilan rayonunda mövcud olan infrastruktur layihələri – Zəngilan Beynəlxalq Hava Limanı, dəmir yolu və avtomobil magistralları, eləcə də Araz Vadisi İqtisadi Zonası – bölgənin strateji əhəmiyyətini daha da artırır. Bu layihələr regionun logistika imkanlarını genişləndirəcək, ixrac və ticarət həcmini artıracaq, həmçinin yerli əhalinin məşğulluğuna yeni təkan verəcək”.

Millət vəkilinin sözlərinə görə, Zəngilanın coğrafi mövqeyi onun həm Zəngəzur, həm də Araz dəhlizlərinin kəsişmə nöqtəsinə çevrilməsinə şərait yaradır. Bu isə rayonun yalnız Azərbaycanın daxilində deyil, həm də beynəlxalq miqyasda – Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının qovşağında yerləşən mühüm tranzit mərkəzinə çevrilməsi deməkdir: “Bu dəhlizlərin fəaliyyətə başlaması ilə Azərbaycan Türkiyə, İran, Orta Asiya və Avropa bazarlarına birbaşa çıxış imkanı əldə edəcək. Bununla da ölkənin tranzit potensialı, nəqliyyat gəlirləri və beynəlxalq ticarətdə rolu əhəmiyyətli dərəcədə artacaq. Bölgədə həyata keçirilən layihələr,bərpa və quruculuq işləri sosial və iqtisadi canlanmanı daha da gücləndirəcək. Bu proses həm əhalinin doğma yurdlarına dönüşünü sürətləndirir, həm də yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Nəticə etibarilə, Zəngilan yaxın illərdə Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirən, regional əməkdaşlığı gücləndirən real mərkəzə çevriləcək”.

Günel CƏLİLOVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr