AZ

AYİB Azərbaycanda yaşıl iqtisadiyyata dəstək üçün 100 milyon ABŞ dolları ayıracaq

BAKI, 29 oktyabr. TELEQRAF

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yeni Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi (“Green Economy Financing Facility – Azerbaijan” (GEFF – Azerbaijan) proqramını işə salır.

Teleqraf xəbər verir ki, layihənin dəyəri 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) təşkil edir və məqsəd ölkədə yaşıl iqtisadiyyatın inkişafına maliyyə dəstəyi göstərməkdir.

Beş il müddətinə nəzərdə tutulan proqram çərçivəsində yerli tərəfdaş maliyyə institutlarına (PFI) vəsait ayrılacaq. Bu maliyyə institutları öz növbəsində özəl sektor sub-borcalanlarına (yəni sahibkarlara və ev təsərrüfatlarına) enerji səmərəliliyi, bərpa olunan enerji, resurs səmərəliliyi, dairəvi iqtisadiyyat və iqlim davamlılığı sahələrində investisiya kreditləri təqdim edəcəklər.

Bankın məlumatına görə, “GEFF-Azerbaijan” proqramı həm maliyyə resursları, həm də texniki ekspertiza ilə təmin ediləcək.

Layihənin əsas məqsədi Azərbaycanın “Yaşıl Keçid” prosesini (Green Economy Transition) sürətləndirmək, yaşıl texnologiyalara sərmayə qoyuluşunu təşviq etmək və qadın və kişilər üçün yaşıl maliyyəyə bərabər çıxış imkanlarını təmin etməkdir.

AYİB bu təşəbbüsü ilə ölkədə yaşıl iqtisadiyyatın inkişafına, maliyyə sisteminin transformasiyasına və özəl sektorun davamlı texnologiyalara keçidinə töhfə verməyi hədəfləyir.

Bu, Azərbaycan üçün ilk belə miqyaslı yaşıl maliyyələşdirmə platforması olacaq.

Seçilən
37
teleqraf.com

1Mənbələr