AZ

Masallıda “Zülməti dələn işıq” layihəsinin təqdimat mərasimi keçirilib

Masallı şəhərində "Zülməti dələn işıq" adlı sosial yönümlü layihənin təqdimat tədbiri keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsgəyi verdiyi layihəni Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB) həyata keçirib.

Tədbir çərçivəsində "Soyuq Günəş" filmi ilk dəfə səsli bətimləmə ilə nümayiş etdirilib. Görmə imkanları məhdud şəxslərin mədəni həyata bərabər şəkildə qoşulmasına şərait yaradan bu təşəbbüs, inklüziv cəmiyyətin formalaşması yönündə önəmli addım kimi dəyərləndirilib.

Təqdimat mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tohid Hüseynov, Milli Məclisin deputatı İlham Məmmədov, tanınmış ictimai xadim Hacı Nuran, RHİMİB sədri Arzu Bağırova, filmin ssenari müəllifi Sədaqət Kərimova və layihənin prodüseri Ramal Əzimzadə çıxış edib.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv sahəyə göstərdiyi diqqət, qayğı xüsusi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr cəmiyyətin hər bir üzvünün bərabər hüquq və imkanlardan faydalanmasına xidmət edir.

Layihənin rəhbəri Nilufər Lətif çıxışında bildirib ki, "Zülməti dələn işıq" layihəsinin məqsədi - görmək və eşitmək imkanından asılı olmayaraq, hər kəsin filmin duyğularını hiss edə bilməsinə şərait yaratmaqdır.

Nilufər Lətif filmin seçim prosesindən danışarkən prodüser Ramal Əzimzadənin sözlərini xatırladıb:

"Dostlarım "Soyuq Günəş" filmini səsli bətimləmə ilə izləmək istəyirdi; ona görə də biz məhz bu filmi seçdik."

Tədbir iştirakçıları filmi böyük maraqla izləyib. Nümayiş zamanı zalda səmimi və duyğulu atmosfer hökm sürüb.

"Zülməti dələn işıq" layihəsi bir daha sübut etdi ki, işıq bəzən gözlə deyil, qəlblə görünür...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr