BAKI, 29 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Finlandiya Prezidenti Aleksandr Stubb oktyabrın 29-dan noyabrın 1-dək Daşkənddə səfərdə olacaq.
Teleqraf xəbər verir ki, yüksək səviyyəli danışıqlarda siyasi, ticari-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Görüşlərdə qarşılıqlı ticarət həcminin artırılması və kənd təsərrüfatı, ekologiya, kimya, enerji, rəqəmsallaşma, mədənçıxarma və digər innovativ sektorlarda əməkdaşlığın qurulması müzakirə ediləcək.
Əmək miqrasiyası, mədəniyyət, təhsildə qabaqcıl texnologiyaların tətbiqi kimi sahələrdə də əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Tərəflər həmçinin beynəlxalq əhəmiyyətli aktual məsələləri və çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı dəstəyi müzakirə edəcəklər.
Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç də oktyabrın 28-dən 31-dək Özbəkistanda rəsmi səfərdədir. Oktyabrın 30-da Səmərqənddə YUNESKO-nun sammiti başlayacaq.