Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfəri zamanı Ağdam Sənaye Parkına gəliblər.
Xezerxeber.az xəbər verir ki, sənaye parkında fəaliyyətə başlayan müəssisələr barədə, həmçinin burada yaradılan daimi iş yerləri haqqında məlumat verilib. Sonra sənaye məhəlləsində istehsal prosesinə baxış keçirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğununun artırılmasıdır. Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 292 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 35 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə 2500-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 142 milyon manatdan artıq investisiya yatırılıb, 900-dən çox daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 12 müəssisə istehsal fəaliyyətinə başlayıb və 8 müəssisədə tikinti işləri davam etdirilir. Müəssisələr tərəfindən bu günədək 945 milyon manatdan çox satış həyata keçirilib ki, bunun da 40 milyon manata yaxın hissəsi ixracın payına düşüb.
Qonaqlar, həmçinin Ağdam səfəri zamanı ikinci yaşayış kompleksi ilə tanış olublar. Yeni inşa edilən çoxmənzilli binalarda hazır olan mənzillərə baxış keçirilib. Bildirilib ki, yaxın zamanlarda 2-ci yaşayış kompleksinə ailələrin köçürülməsi nəzərdə tutulur. Hazırda Ağdam şəhərində digər yaşayış komplekslərində də tikinti işləri görülür.
Bununla da nümayəndə heyətinin işğaldan azad olunan Ağdam rayonuna səfəri başa çatıb.
 
                        