Bakı, 29 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin oktyabrın 28-də Zəngilan və Cəbrayıl rayonlarına növbəti səfəri bir sıra tarixi anların yaşanması ilə diqqət çəkdi. Zəngilan rayonunda sakinlərlə görüşən dövlətimizin başçısı onların doğma yurdlarına qayıdış sevincini bölüşdü. Bu görüş kontekstində Prezident İlham Əliyev ilə kənd sakinləri arasında yaranan səmimi dialoq ictimaiyyətdə böyük maraq doğurub. Həmin dialoq Azərbaycan Prezidentinin xalqla səmimi münasibətini nümayiş etdirməklə yanaşı, həm də özündə ehtiva etdiyi mesajlarla diqqət çəkdi. “Böyük Qayıdış” Proqramının ilk mərhələsinin icrasına üç il yarım əvvəl Zəngilan rayonunda, Ağalı kəndində başlanıldığı, ciddi effekt verdiyi və artıq proqramın yeni mərhələsinin başlandığı elan edildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
“Bəllidir ki, “Böyük Qayıdış” Proqramının ilk mərhələsi Azərbaycan üçün mürəkkəb bir dövrə təsadüf edib. Həmin mərhələ ölkənin suverenliyinin bərpası uğrunda aparılan mübarizə ilə paralel şəkildə həyata keçirilib. Qarabağ mövzusuna görə diplomatik savaş halında olan, həmçinin ordunun maddi-texniki imkanlarının gücləndirilməsi üçün təxirəsalınmaz addımlar atmaq zərurəti ilə üzləşən dövlətimiz paralel şəkildə həm də “Böyük Qayıdış” Proqramının ilk mərhələsini icra edib. Bu cür çətinliklərə rəğmən, proqram səmərəli şəkildə icra edilib. Onlarla kənd, qəsəbə, şəhər keçmiş məcburi köçkünlərin yaşayışı üçün hazır vəziyyətə gətirilib. Regionda infrastruktur layihələri yüksək səviyyətə təmin edilib. Minlərlə sakin öz doğma yurd-yuvasına qayıdıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “işğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır, Azərbaycan xalqı doğma yurduna qayıdaraq yeni dövrün əsasını qoyur”,- deyə M.Ələsgərli əlavə edib.
O vurğulayıb ki, ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan əvvəlki gərginliyi aradan qaldıra bilib, diplomatik savaşı uğurla başa çatdırıb. Dövlət indi bütün diqqətini bərpa və quruculuq işlərinə yönəldib. Bu baxımdan deyə bilərik ki, “Böyük Qayıdış”ın yeni mərhələsi Azərbaycanın gücünün, qüdrəinin yeni bir təntənəsi kimi təzahür edəcək. Dövlətimizin başçısı haqlı olaraq bildirdi ki, “məqsəd təkcə dağıdılmış kəndləri bərpa etmək deyil, həm də müasir infrastruktur və sosial xidmətlərlə təmin edilmiş yeni yaşayış standartları formalaşdırmaqdır”.
Ekspertin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri Azərbaycanın artan iqtisadi gücünü, dövlətin müasir inkişaf modelini və xalqın birliyini əks etdirir. Hər bir layihənin keyfiyyətinə, icra tempinə dövlətimizin başçısının şəxsən nəzarət etməsi isə bu prosesin strateji əhəmiyyətini təsdiqləyir. Aydın şəkildə görünür ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun timsalında həyata keçirilən işləri xalqımız üçün yeni həyatın, milli dirçəlişin və dayanıqlı inkişafın simvoluna çevrir.