Son zamanlar xüsusilə sağlam qidalanmaya üstünlük verənlər arasında “freeze-dry” (dondurularaq qurutma) üsulu ilə hazırlanan meyvə-tərəvəzlər populyarlıq qazanıb.
Pravda.az bildirir ki, bu texnologiya qidaların həm rəngini, həm dadını, həm də qida dəyərlərini qorumağa imkan verir.
Bu üsulda meyvə və tərəvəzlər əvvəlcə çox aşağı temperaturda — donma nöqtəsindən aşağı səviyyədə dondurulur. Daha sonra xüsusi vakuum şəraitində məhsulun içindəki donmuş su birbaşa buxara çevrilir. Bu proses “süblimləşmə” adlanır və nəticədə qidadan təxminən 99 faiz nəm çıxarılır.
Dondurularaq qurudulan məhsulların ən böyük üstünlüyü onların dad, rəng və vitamin dəyərlərinin qorunmasıdır. Klassik qurutma üsullarında (isti hava və ya günəş altında) vitamin itkisi çox olur, lakin “freeze-dry” texnologiyası bu itkini minimuma endirir.
Mütəxəssislər qeyd edirlər ki, bu üsulla hazırlanan qidalar lif və antioksidant baxımından da zəngindir. Həmçinin əlavə şəkər və konservantlara ehtiyac olmadığından daha təbii hesab olunur.
Uzunmüddətli saxlanma da bu texnologiyanın əsas üstünlüklərindəndir. Aşağı nəm səviyyəsi və mikroorqanizmlərin çoxalmasına mane olan şərait sayəsində “freeze-dry” məhsullar aylarla, hətta illərlə xarab olmadan qalır.
Mütəxəssislər vurğulayır ki, bu məhsullar təzə meyvə və tərəvəzlərin yerini tam əvəz etməsə də, alternativ və praktik qida seçimi kimi idealdır. Lakin onların faydasını qorumaq üçün nəm və işıq keçirməyən qablaşdırmada saxlanılması vacibdir.
Qeyd: Dondurularaq qurudulmuş qidalar hazırda idmançılar, pəhriz saxlayanlar və uzun səfərlərə çıxanlar arasında geniş yayılıb. Qida təhlükəsizliyi baxımından bu üsul müasir dövrün ən etibarlı texnologiyalarından biri hesab olunur.
Əminə Bayramova