AZ

Zibil yığan qadından ilginc sözlər: “Pula görə yox, darıxdığım üçün bu işdəyəm”

Səhər günəşinin ilk işıqları hələ şəhərin üstünü tam bürüməmiş “Neftçilər” metrostansiyasının yaxınlığında bir qadın tələsik və cəld addımlarla hərəkət edir.

O, hər gün özündən böyük zibil qablarını arxasınca sürüyür. Bu, 68 yaşlı Almaz Kazımovadır – Bakı küçələrinin sükutunu pozan, hər səhər şəhəri təmizliyə hazırlayan qadınlardan biri.

Hər gün Sabunçudan metroyla “Neftçilər”ə gəlir. Mağazaların qarşısında yığılıb qalan qutuları, tullantıları toplayır və onları zibilxanalara daşıyır. “Zibil” dediyimiz o yığınlar Almaz xanım üçün həm dolanışıq, həm də həyat tərzidir.

“Tezdən 6-nın yarısı yuxudan dururam, iki stəkan çay içib, yola düzəlirəm. Burada dönərxana, çayxana var, hərəsi bir az zibil atır, biz də toplayırıq. Gün ərzində 12-yə yaxın mağazanın zibilini yığıram. Kimisi 1, kimisi isə 2 manat verir. Dünən 15 manat qazandım. Pis deyil, elə gün olur az, elə gün də olur ki, çox qazanıram”, – deyir Almaz xanım.

Hər hərəkətində bir vərdiş, bir peşə dəqiqliyi hiss olunur.

“Biz işləyib öyrəşmişik. Evdə otursam, darıxaram, elə bil nəfəsim kəsilər. İşləmək lazımdır, elə bil həyatım bu zibil qabları ilə bağlıdır”, – deyir gülümsəyərək.

618006fd-0f5f-4496-b7d0-e6bcabfa281e.jpg


68 yaşında, tək, amma təmkinlə.

“Uşağım olmayıb. Allah olanları saxlasın. Mən qismətimə yazılanla razıyam. 500 manat pensiya alıram, onun 70 manatını kirayəyə, 15 manatını isə qaz puluna verirəm. Qalanını yavaş-yavaş xərcləyirəm. Ehtiyacdan yox, darıxmamaq üçün işləyirəm”, – deyir.

Almaz xanım Bakının köhnə sakini, İçərişəhər və Hövsan köklü bir ailənin qızı olduğunu bildirir:

“Anam Hövsandan, atam İçərişəhərdəndir. Bakılı qızıyam, şəhərin qoxusunu uşaq vaxtından tanıyıram. 22 yaşımda ailə qurdum, 25 yaşımda həyat yoldaşım vəfat etdi.Ondan sonra həyat yoldaşımın ailəsiylə yola getmədim, ayrıldım, kirayəyə çıxdım. Həmin vaxtdan da işləyirəm – şirniyyat fabrikində, yol idarəsində, hər yerdə xadimə olmuşam”.

280854eb-326f-4590-86e7-798d2490989b.jpg

Hər gün səhərdən axşama qədər “Neftçilər” ətrafında gəzən Almaz xanımın işi sanki şəhərin küyünə qarışır:

“Saat 8-də işə başlayıram, axşam 5-6-da evə gedirəm. Televizorum yoxdur, xarab idi, satdım. Gedib çimirəm, yemək bişirirəm, saat 10-da yatır, səhər yenə yola düzəlirəm. Belə rahatdır. Mən bu həyata öyrəşmişəm”.

Bir az düşünür, sonra sanki öz-özünə danışır:

“Mən Nərimanov prospektində böyümüşəm, şəhər qızı olmuşam. İkinci dəfə evlənmək təklifi də aldım, amma oğlanın evi yox idi, dedim, yox, bu yaşdan sonra kirayəyə getmərəm. Həyatımı tək yaşayıram. Bu zibil qabları və mağazalar arasında... Elə burda da rahatam”.

“Neftçilər” stansiyasının səsi-küyü, insanların tələsik addımları arasında Almaz xanımın hekayəsi çox sükunətli səslənir. Hər gün o, şəhərin gözəgörünməz işlərini görür.

Şəhər təmizdirsə, deməli, Almaz kimi qadınlar hələ də səhərin ilk işığında iş başındadırlar.

576393f3-702a-41e3-acf7-d859639e82f7.jpg

f460c43a-fa57-424b-95a0-e0ee3da8bae6.jpg


Şahanə Rəhimli
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr