AZ

Bu kəndə bahalı baş daşları qoymaq QADAĞAN EDİLDİ – Digər bölgələrdə də oxşar addım ATILACAQ?

Ağcəbədi rayonunun Avşar kəndində bundan sonra qara mərmərdən baş daşı qoyulmayacaq.

Bu barədə Bizim.Media-ya kəndin icra nümayəndəsi Namaz Mirzəyev məlumat verib.

O bildirib ki, kəndin ziyalıları və ağsaqqaları bir araya gələrək, belə bir təşəbbüs irəli sürüblər:
 

“Son zamanlar qara mərmərdən baş daşı qoymaq dəb halını almışdı. Bu da kənd sakinlərinin maddi çətinliklər yaşamasına səbəb olurdu. Axı hər adamın 5-6 min manatı yoxdur ki, vəfat edən yaxınına qara mərmərdən baş daşı qoydursun.


Bu ədalətsizliyi aradan qaldırmaq üçün belə bir qərar vermişik. Əslində İslamda belə şeylər günahdır. Peyğəmbərimizin də qəbir daşı çox sadə olub. Ona görə də bundan sonra kəndimizdə qəbir üstü sadə və ucuz daşlardan götürüləcək”.

Avşarların bu təşəbbüsü sözün hər mənasında təqdirəlayiqdir. Çünki bahalı qəbir üstü abidələr və baş daşları həm islama, həm də mənəvi dəyərlərimizə uyğun deyil.

Oxşar təşəbbüs başqa bölgələrdə də reallaşa bilər?

Mövzuyla bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bunu mühüm addım hesab edir:

“Çox sevindirici xəbərdir ki, insanlar könüllü olaraq islama zidd addımlardan imtina edirlər.
 

Biz hər zaman demişik ki, bu cür məsələlərin tənzimlənməsinin iki yolu var. Birinci yol məsələnin inzibati yolla həllidir. Bu o qədər də məqbul sayılmır. Çünki bu daha çox mənəvi məsələdir.


İkinci yolsa insanların şüurlu şəkildə bu prosesdən imtina etməsidir. İnsanların şüurlu şəkildə islama və mənəviyyata zidd addımlardan imtina etməsi böyük uğurdur”.

Müsahibimiz qeyd edib ki, baş daşının qranitdən, qara mərmərdən və yaxud sadə daşdan olmasının dünyasını dəyişmiş insan üçün heç bir əhəmiyyəti yoxdur:

“Əsas olan onun əməlidir. Çox təəssüf ki, bu gün ölkəmizdə milyonlarla vəsait israfçılıq yolu ilə bahalı baş daşlarına xərclənir. İnsanlar sanki bu günah əməlində bir-birləri ilə bəhsə giriblər.
 

Bu mənada Avşar kəndində belə bir qərarın verilməsi çox mütərəqqi addımdır. Düşünürəm ki, bu təşəbbüs təşviq olunmalı və bütün bölgələrdə tətbiq edilməlidir. İnsanlarımız nəhayət ki, günah əməllərdən çəkinməlidirlər.


Ümumiyyətlə istər yas, istərsə də toy məclislərində israfçılıqdan çəkinməliyiq, qaçmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
15
2
bizim.media

3Mənbələr