Ermənistanın paytaxtı İrəvanda məhkəmə ölkənin xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi ilə bağlı daha bir hökm çıxarıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumatda deyilir ki, məhkəmənin qərarına əsasən, Torqom Asatryan 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prokuror onun üçün 7 il həbs cəzası tələb etmişdi. Asatryan artıq cəzanın bir hissəsini istintaq təcridxanasında çəkib – o, 2023-cü ilin fevralından həbsdədir.
Eyni iş üzrə bu ilin may ayında Ara Badoyan 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Ararat Mirzoyan 2020-ci il noyabrın 10-na keçən gecə, Qarabağ üzrə üçtərəfli bəyanatın imzalanmasından dərhal sonra baş vermiş ixtişaşlar zamanı döyülmüşdü. Həmin vaxt o, Ermənistan parlamentinin spikeri idi. Sənədin imzalanmasından sonra İrəvanda parlament, hökumət binaları və hökumət iqamətgahlarının qarşısında kütləvi iğtişaşlar baş vermişdi.