AZ

Aİ Rusiyanın LNG qazının ən böyük alıcısı olaraq qalır

Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına mərhələli qadağa Aİ-nin 19-cu sanksiyalar paketinə daxil edilsə də, Avropa İttifaqı (Aİ) hələ də Rusiyanın LNG-nin əsas alıcısı olaraq qalır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin fevralından 2025-ci ilin sentyabrınadək Aİ ölkələri Rusiyadan 42 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz alıblar.

Avropa bazarının ümumi rus qazı idxalındakı payı 35 faizə çatdığı halda, Çin və Türkiyənin payı 30 faiz səviyyəsində qalıb.

"İzvestiya"ya danışan enerji mütəxəssisi Vladimir Demidovun sözlərinə görə, Avropaya hələ də yalnız “Türk Axını” boru xətti vasitəsilə qaz çatdırılır, LNG isə “Novatek” gəmiləri ilə Belçika və Fransa limanlarına göndərilir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGİMO) baş tədqiqatçısı Artyom Sokolov isə Aİ-nin enerji siyasətində ciddi ziddiyyətlər olduğunu vurğulayır:

“Rusiyanın enerji resurslarına qarşı sərt bəyanatlar əsasən Brüssel bürokratiyası və Şərqi Avropa ölkələrindən gəlir. Fransa və bəzi Qərbi Avropa ölkələri isə bu məsələdə səssiz qalmağı üstün tuturlar və Rusiya qazından istifadə etməyə davam edirlər”.

Artyom Sokolov əlavə edir ki, Almaniya Rusiyanın enerji resurslarından imtina etdikdən sonra iqtisadiyyatda ciddi çətinliklərlə üzləşib və bu da Aİ daxilində tarazlığın dəyişməsinə səbəb olub.

Digər tərəfdən, Aİ-nin Enerji Komissarı Dan Jorgensen ötən həftə verdiyi açıqlamada Avropanın “Ukraynada sülh təmin olunsa belə” Rusiyadan enerji idxalını yenidən başlatmayacağını bildirib.

Lakin mütəxəssislərə görə, enerji təchizatının təhlükəsizliyi və qiymət sabitliyi baxımından Avropanın Rus qazından tamamilə imtina etməsi yaxın müddətdə real görünmür.

Seçilən
27
cebheinfo.az

1Mənbələr