AZ

Alimlər qadınlarda döş xərçənginin gizli səbəbini aşkarlayıblar

Ətraf mühitin çirklənməsi qadınların sağlamlığı üçün gözləniləndən daha böyük təhlükə yaradır. ABŞ-da aparılan yeni tədqiqat havanın keyfiyyətinin döş xərçəngi riskinə birbaşa təsir göstərdiyini üzə çıxarıb. Oreqon Universitetinin alimləri havanın çirklənməsi səviyyəsinin yüksək olduğu, xüsusilə də magistral yollara yaxın ərazilərdə yaşayan qadınlarda döş xərçənginə tutulma ehtimalının daha çox olduğunu müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri “American Journal of Public Health (AJPH)” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər 400 mindən çox qadının sağlamlıq məlumatlarını təhlil ediblər. Onlardan 28 min nəfərinə döş xərçəngi diaqnozu qoyulub. Toplanan məlumatlar 2600-dən çox hava monitorinq stansiyasının ölçüləri ilə müqayisə edilib.

Məlum olub ki, motorlu nəqliyyat vasitələrindən yayılan əsas çirkləndirici maddə — azot dioksidin (NO₂) miqdarında cüzi artım (milyardda 10 hissə qədər) belə döş xərçəngi hallarını təxminən 3 faiz artırır.

Alimlər, həmçinin, PM2.5 adlanan mikroskopik hissəciklərin (diametri 2,5 mikrometrdən kiçik olan bərk və maye toz hissəcikləri) xüsusi təhlükə yaratdığını bildiriblər. Bu hissəciklər ağciyərlərə dərin nüfuz edir, qan dövranına daxil olur və döş xərçənginin aqressiv, hormonal olmayan formaları ilə əlaqələndirilir.

Tədqiqatçılar qeyd ediblər ki, araşdırma zamanı qeydə alınan çirklənmə səviyyələri hazırkı sanitariya normalarını aşmır. Buna baxmayaraq, alimlər hesab edirlər ki, bu nəticələr hava keyfiyyəti standartlarına yenidən baxılmasının və nəqliyyat emissiyalarının azaldılması istiqamətində tədbirlərin gücləndirilməsinin vacibliyini göstərir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr