AZ

Qazi Vüsal Əliyev: Torpaqları azad etmək bizə qismət oldu

Samux, 29 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı, qazilərimizin sağlamlığı bahasına bütün dünya Azərbaycanın Şanlı Qələbəsinin şahidi oldu. Bu Zəfərə gedən yolda minlərlə Vətən övladının dillərə dastan olan qəhrəmanlıq salnaməsi yarandı. Döyüş meydanında düşmənə divan tutub, rəşadət, məğrurluq və hünər göstərənlər igidlik rəmzinə çevrildilər. Onlardan biri də Vüsal Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Əliyev Vüsal Emin oğlu 1990-cı il yanvarın 18-də Samux rayonunun Ziyadlı kəndində anadan olub. İmadəddin Nəsimi adına Ziyadlı kənd tam orta məktəbini bitirdikdən sonra 2008-ci ildə həqiqi hərbi xidmətə yollanaraq Vətən qarşısında borcunu layiqincə yerinə yetirib. Hərb sahəsinə böyük marağı olan Vüsal Əliyev 2013-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına geri dönüb, kəşfiyyatçı olaraq bir sıra xüsusi tapşırıqlarda iştirak edib. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda qəhrəmancasına vuruşan gizir 44 günlük Vətən müharibəsinin ilk günlərdən də döyüşlərə qatılıb. Hərbçi yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirərkən daxilindəki vətənpərvərlik hissi və döyüşkənlik ruhundan güc alıb.

“Əsas amalımız torpaqlarımızın azad edilməsi idi. Bütün hərbçilər kimi mənim üçün də bu vacib idi. Həmin günü səbrsizliklə gözləyirdik. Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Qubadlı, Laçının azad edilməsi uğrunda döyüşlərdə iştirak etdim. Döyüşlərdə əsgərlərimdən şəhid olanlar, yaralananlar oldu. Laçın uğrunda gedən döyüşlərdə özüm də yaralandım”, - deyə Vüsal Əliyev bildirir.

Qazi xəstəxanada olsa da, daim döyüş yoldaşlarını düşünüb, bir an öncə sağalıb onların sırasına qatılmağı arzulayıb: “Döyüş yoldaşlarımla danışırdım. Deyirdim ki, “Az qalıb, sağalıb geri dönəcəyəm”. Onlar isə deyirdilər ki, torpaqlarımız azad edilir. Sonra Qələbə xəbərini eşitdim. Bu, böyük sevinc idi. Torpaqları azad etmək bizə qismət oldu, gələcək nəsillərə saxlamadıq”.

Üç övlad atası olan Vüsal Əliyev onları da vətənpərvər ruhda böyütdüyünü bildirir. Deyir ki, Vətəni əmanət edəcəyimiz gələcək nəsil bu məsuliyyəti tam dərk etməlidir.

Vüsal Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Seçilən
26
1
azertag.az

2Mənbələr