AZ

Başlandı: ABŞ ilin sonunadək Azərbaycan və Ermənistanla birgə işçi qruplar yaradacaq

ABŞ hökuməti 2025-ci ilin sonunadək Azərbaycan və Ermənistanla birgə işçi qrupların yaradılmasını planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti “Report.az”a təsdiqləyib.

Departamentin məlumatına görə, Vaşinqton 8 avqust 2025-ci ildə imzalanmış sazişlər çərçivəsində regiondakı əməkdaşlığı möhkəmləndirmək istiqamətində addımlar atır və Bakı ilə İrəvan arasında aparılan danışıqları yaxından izləyir.

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında davam edən dialoqu “təmkinli, lakin real irəliləyiş” kimi qiymətləndirib və bir sıra konkret istiqamətləri müsbət addımlar kimi dəyərləndirib:

▪️ sərhədlərin müəyyənləşdirilməsi və mina təmizlənməsi üzrə müzakirələr,
▪️ regional infrastruktur layihələrinin inkişafı,
▪️ TRIPP logistika təşəbbüsü,
▪️ Azərbaycanın Ermənistana yük tranzitinə icazə verməsi qərarı,
▪️ vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşü.

Dövlət Departamenti bəyan edib ki, ABŞ bu proseslərin uzunmüddətli sülhə və iqtisadi sabitliyə töhfə verəcəyinə inanır:

“Bu təşəbbüslər özəl sektorun investisiyaları ilə birlikdə Cənubi Qafqazda yeni rifah dövrünün başlanğıcına çevrilə bilər”.

Qeyd olunur ki, işçi qrupların fəaliyyəti çərçivəsində Vaşinqton infrastruktur, enerji təhlükəsizliyi, minalardan təmizləmə, sərhəd idarəçiliyi və iqtisadi inteqrasiya sahələrində Bakı və İrəvanla paralel əməkdaşlıq mexanizmləri qurmağı hədəfləyir.

ABŞ tərəfi, həmçinin, regionda sabit və davamlı sülh mühitinin formalaşması üçün Azərbaycana və Ermənistana texniki dəstək göstərməyə hazır olduğunu bildirib.

Bu addım Vaşinqtonun Cənubi Qafqazda sülh təşəbbüslərinə praktik mərhələdə qoşulması kimi dəyərləndirilir və ABŞ-ın bölgədəki balanslı diplomatik fəallığının növbəti mərhələsini ifadə edir.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr