ASEAN sammiti çərçivəsində keçirilən görüş zamanı Cənubi Koreya prezidenti Li Çje Myunq amerikalı həmkarı Donald Trampa qədim Koreyanın Silla krallığının qızıl tacının nüsxəsini hədiyyə edib.
NOCOMMENT.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.
Cənubi Koreya prezidenti bildirib ki, tac ABŞ prezidentinə “Koreya yarımadasına ilk dəfə sülh gətirən Sillanın ruhunu rəmz etdiyi üçün verilib”.
O, həmçinin Koreya yarımadasında sülhə nail olmaq üçün göstərdiyi səylərə görə Trampa ölkəsinin ən yüksək mükafatı olan Böyük Mugunhva ordenini təqdim edib.
CNN qeyd edib ki, ABŞ prezidenti ilk dəfədir belə mükafat alır.
Tramp tac hədiyyəsini “çox xüsusi hadisə” adlandırıb. “Mən onu elə indi taxmaq istəyirəm”, – Amerika lideri vurğulayıb.
Qeyd edək ki, bu tac hazırda Koreya Milli Muzeyində nümayiş etdirilir.
Xatirə SADİQ
 
                        