Paris, 29 oktyabr, AZƏRTAC
Fransanın Mozel bölgəsində yerləşən “Hagondange” zavodunun işçiləri A31 avtomobil yolunda “escargot”, yəni yavaş hərəkət edən avtomobil yürüşü keçirirlər. Aksiya metallurgiya şirkəti olan “Novasco”da (keçmiş “Ascometal”) 450 iş yerinin ləğv edilmə təhlükəsi ilə əlaqədar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Fransanın “Metal Blanc” qrupu “Novasco”nun potensial alıcısı kimi çıxış etsə də, “Hagondange” elektrik polad zavodunu da əhatə edən bir təklif təqdim etməyib. Bu qərar müəssisənin və onun yüzlərlə əməkdaşının gələcəyini qeyri-müəyyən vəziyyətdə qoyub.
Aksiyanın keçirilməsi ilə bağlı qərar çərşənbə axşamı həmkarlar ittifaqlarının ümumi yığıncağında qəbul edilib. Etirazçılar səhər saat 9:30-da zavoddan çıxaraq, təxminən 10:30-da Mozel prefekturasının qarşısına-Metz şəhərinə çatmağı planlaşdırırlar. Orada nümayəndə heyətinin prefektura tərəfindən qəbul ediləcəyi gözlənilir.
İşçilər bu aksiya ilə hökumətin və potensial alıcıların diqqətini vəziyyətin ciddiliyinə çəkəcəklərinə ümid edirlər. “Artıq heç nəyimiz qalmayıb, pulumuz da yoxdur”,- ifadəsi “Novasco” işçilərinin gələcək barədə dərin narahatlığını ifadə edir.
“Hagondange” zavodunun taleyi həm regionun iqtisadi gələcəyi, həm də yüzlərlə ailənin gündəlik həyatı üçün həlledici ola bilər.