AZ

Türkiyənin ilk astronavtı: Hazırda türk dövlətlərini əhatə edəcək ortaq peyk platformasının yaradılması istiqamətində iş aparılır

Bakı, 29 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanla Türkiyə arasında kosmik sahədə birgə layihələrin həyata keçirilməsi, eləcə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ortaq kosmik proqramların hazırlanması gənclərin bu sahəyə marağını daha da artıracaq.

Bu fikirləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə bir çox strateji və texnoloji layihələrdə tərəfdaş kimi fəaliyyət göstərir: “Biz artıq bir çox mühüm sahədə strateji əməkdaşlıq səviyyəsində birgə layihələr həyata keçiririk. İndi isə bu tərəfdaşlığı kosmos sahəsinə daşımaq, ortaq layihələr və platformalar qurmaq istiqamətində addımlar atılır. Türk dövlətləri arasında kosmik sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub”.

Alper Gezeravcı bildirib ki, hazırda bütün türk dövlətlərini əhatə edəcək ortaq peyk platformasının yaradılması istiqamətində iş aparılır: “Bu təşəbbüs çərçivəsində birgə peyk istehsalı, onun orbitə göndərilməsi və əməliyyat mərhələsində də əməkdaşlıq planlaşdırılır. Türk dövlətlərinin imkan və infrastrukturundan istifadə edilərək, bu layihənin tam şəkildə ortaq bazada həyata keçirilməsi nəzərdə tutulur”.

Gezeravcı həmçinin vurğulayıb ki, türk dövlətləri enerji və texnologiya sahələrində olduğu kimi, kosmos istiqamətində də birlikdə inkişaf potensialına malikdirlər: “Türk coğrafiyasında formalaşan əməkdaşlıq təkcə regional ehtiyacları deyil, qlobal tələbatı da qarşılayacaq potensiala sahibdir. Bu həm enerji, həm texnologiya, həm də kosmosda yeni imkanların yaranmasına yol açacaq”.

Astronavt qeyd edib ki, belə əməkdaşlıqlar yalnız texnoloji inkişaf baxımından deyil, həm də gənclərin elm və kosmos sahəsinə yönəlməsi üçün mühüm motivasiya yaradır:

“Atalarımızın təməlini qoyduğu bu əməkdaşlıq platformaları gələcək nəsillərin fəaliyyəti ilə daha da möhkəmlənəcək və inkişaf edəcək. Gənclərimiz qarşısında konkret və reallaşa bilən layihələr gördükcə, bu sahəyə inamları və enerjiləri daha da artacaq”.

 

Seçilən
43
1
azertag.az

2Mənbələr