Bakı, 29 oktyabr, AZƏRTAC
Elektrik enerjisi və əlaqəli sektorlar üzrə istehsal və təchizat sahəsində 300-dən artıq KOB subyekti fəaliyyət göstərir. Bu müəssisələrdə 14 min nəfərə yaxın işçi çalışır və 2023-cü ilin göstəricisinə əsasən 900 min manata yaxın məhsul istehsalı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 13-cü Beynəlxalq “Caspian Energy Forum”da çıxışı zamanı deyib.
O qeyd edib ki, dünya ölkələri sürətlə bərpaolunan alternativ enerji mənbələrinə keçidi prioritet məsələyə çeviriblər.
“Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitə mümkün təsirləri nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə daha çox üstünlük verilir. Bu gün ölkəmizdə yaşıl enerji sektorunda yeni strategiya formalaşıb. Bu strategiya ilk növbədə ətraf mühitə tullantıların azaldılmasına, ikincisi tükənməyən resurslarla davamlı enerji əldə edilməsinə, üçüncüsü isə ənənəvi enerji mənbələrinə qənaət və ixrac imkanlarının artırılmasına hədəflənib”, - deyə o bildirib.
O.Məmmədov diqqətə çatdırıb ki, KOB sektoru ölkənin yaşıl enerji strategiyasının həyata keçirilməsinə əhəmiyyətli töhfə vermək imkanına malikdir: “Belə ki, yaşıl enerjinin istehsalı və logistika prosesindən yaşıl enerji texnologiyalarının istehsalına qədər dəyər zəncirinin müxtəlif həlqələrində KOB subyektləri iştirak edə bilərlər. Ölkəmizdə elektroenergetika sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, aktiv istehlakçının dəstəklənməsi mexanizminin mövcudluğu və ölkəmizin yaşıl enerji ixracatçısı kimi hədəflərin olması kiçik güclü bərpaolunan enerji layihələrinin icrasında KOB subyektlərinin potensialından istifadə üçün geniş imkanlar yaradır. Biz KOBİA olaraq həm yaşıl enerji sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, həm də bizneslərdə enerji səmərəliliyinin artırılması istiqamətində səylərimizi davam etdiririk”.
Azərbaycanda fəaliyyət göstərən bizneslərin 99,7 faizini KOB subyektləri təşkil etdiyini və burada 400 min nəfərdən artıq işçi qüvvəsinin cəmləşdiyini qeyd edən Orxan Məmmədov bununla da KOB-ların həm özlərinin yaşıl və qənaətli enerji istehlakını artıra biləcəyini, həm də işçi heyəti arasında bu cür təcrübələrin tətbiqini genişləndirə biləcəyini sözlərinə əlavə edib.
“Bu sahədə birgə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi, yeni təşviq mexanizmlərinin hazırlanması və hədəfli layihələrin icra edilməsi qarşıya qoyulan məqsədə çatmağa töhfə verə bilər. Bir sıra regionlarda təlim və məsləhət xidmətləri təmin edən KOB inkişaf mərkəzlərimiz, 50-dən artıq rayon və şəhərdə mövcud olan, sahibkarlar ilə birbaşa əlaqələndirməni təmin edən “KOB Dostu” şəbəkəmiz bu istiqamətdə əhəmiyyətli rol oynayır. Biz fəaliyyətimiz çərçivəsində müxtəlif tərəfdaş qurumlar ilə daim təmasdayıq. KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə yaşıl enerji mövzusunda dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində ictimai müzakirələr təşkil olunur. Həmçinin KOBİA ilə “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd kiçik və orta sahibkarlıq subyektlərinin yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur”,- deyə O.Məmmədov qeyd edib.