Bu gün Bakı KOB EVİNDƏ İqtisadi və Sosial Araşdırmalar Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda yekun seminar-müzakirə zamanı çıxış edən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, layihə çərçivəsində son aylar ərzində Xaçmaz, Gəncə, Yevlax, Lənkəran, Şəki və digər regionlarda sahibkarlarla görüşlər və təlimlər keçirilib:
QHT sədrinin sözlərinə görə, bu layihə İctimai Birliyimiz tərəfindən dövlət maliyyə dəstəyi ilə altı regionda həyata keçirilib:
"Görüşlər zamanı sahibkarlarla birbaşa ünsiyyət quraraq onların bilik və təcrübə səviyyəsini, qarşılaşdıqları çətinlikləri öyrəndik. Toplanan məlumatlar təhlil edilərək bu gün Bakıda keçirilən yekun tədbirdə təqdim olunur. Aparılan sorğular və müzakirələr zamanı regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların əksəriyyətinin dövlət satınalmaları prosesindən, xüsusən də elektron tender portalının fəaliyyətindən xəbərsiz olduqları məlum olub. Bir çox sahibkar tender deyəndə yalnız tikinti və təmir işlərini nəzərdə tutur. Halbuki, dövlət orqanları hər il müxtəlif istiqamətlər üzrə minlərlə satınalma həyata keçirirlər. Bu, sahibkarlar üçün həm yeni satış bazarı, həm də gəlir imkanları yaradır.”
Ekspertin sözlərinə görə, bəzi regionlarda sahibkarlar sənədləşmə və texniki prosedurlarda çətinlik çəkirlər, buna görə də maarifləndirici təlimlərin davam etdirilməsi zəruridir:
“Biz müşahidə etdik ki, əgər sahibkarlara texniki və peşəkar dəstək göstərilsə, onlar tender proseslərində uğurla iştirak edə bilərlər. Bu, həm regionlarda iş yerlərinin artmasına, həm də yerli iqtisadi fəallığın güclənməsinə töhfə verər. Dövlət tərəfindən hər il 10 milyard manata yaxın vəsait dövlət satınalmalarına yönəldilir və bu mənbədən mikro və kiçik sahibkarların da faydalanması üçün real imkanlar mövcuddur.
Qeyd edək ki, tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, həmçinin Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Pərvanə Fərhadqızı