AZ

Rus ordusu iki il davam edən hücumdan sonra şəhərə girdi

BAKI, 29 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qoşunları Ukraynanın şərqində kütləvi hücuma keçir və strateji cəhətdən mühüm olan Pokrovska fokuslanıblar.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Kanal prezidentə istinadla bildirib ki, bu bölgədə qüvvələrinin say üstünlüyü səkkizə bir Rusiyanın xeyrinədir: “Ukrayna belə resurslarla müqayisə apara bilməz, amma Rusiya hələ planlaşdırılmış nəticəyə nail olmayıb”.

BBC qeyd edib ki, Rusiya iki ildir Pokrovsku ələ keçirməyə çalışır. Bu əsas nəqliyyat‑loqistika mərkəzi şərq cəbhəsinə təchizatı təmin edir və Moskvanı Donetsk vilayətinin tam nəzarətinə yaxınlaşdırır. Uğur qazanarsa, rus qoşunları möhkəmləndirilmiş “qalalar kəməri”ndəki Kramatorsk, Slovyansk, Kostyantinivka və Drujkivkaya daha asan çata biləcəklər.

Hazırda Pokrovskda təxminən 200 Rusiya hərbçisinin olduğu deyilir. Zelenski vəziyyəti “çətin” adlandırıb və şəhərdə şiddətli döyüşlərin davam etdiyini təsdiqləyib.

BBC şəhərin mümkün mühasirəsinə və bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun son açıqlamasına da diqqət çəkib.

“Müharibə üsulu dəyişib, indi çox texnoloji olub. Əvvəllər belə qapalı yerlərdən çıxmaq üçün yol olurdu, indi isə dronlar bütün hərəkətləri idarə edir, bu, son dərəcə təhlükəlidir. Bəlkə buna görə də ruslar mühasirədən danışırlar, hətta fiziki cəhətdən bu olmadığı halda belə”, - Ukrayna ordusunun hərbçisi Artyom Pribılov deyib.

Kanal qeyd edib ki, Ukrayna ordusu adətən hücumları dəf etmək üçün dronlardan istifadə edir, amma duman və yağışlar düşməni aşkar etməyi çətinləşdirib. Pokrovsk ətrafındakı vəziyyət göstərir ki, ön xətdə bir neçə metr irəliləyişin özü belə nə qədər ağır bədələ başa gəlir.

Seçilən
16
teleqraf.com

1Mənbələr