Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda 7 mərtəbəli bina naməlum səbəbdən çöküb.
Ölkə.az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə Mevlana məhəlləsində, Issıkgöl küçəsində baş verib.
İlkin məlumatlara görə, binada yaşayış olduğu ehtimal edilir. Hadisə yerinə polis, yanğınsöndürən, AFAD və təcili tibbi yardım qrupları cəlb olunub.
Kocaeli valisi İlhami Aktaş bildirib ki, axtarış-xilasetmə işləri davam edir:
"7 mərtəbəli bir binanın çökməsi nəticəsində hadisə baş verib. İçəridə yaşayan vətəndaşların ola biləcəyi barədə məlumatlar var. Bütün qruplar hazırda ərazidədir.”
Gebze bələdiyyə başçısı Zinnur Büyükgöz isə deyib ki, bütün qruplar hadisədən 10 dəqiqə sonra əraziyə çatıb: “Binada 5 nəfərlik bir ailənin ola biləcəyi ehtimal edilir”.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlamasında bildirib ki, hadisə yerinə 147 nəfərlik axtarış-xilasetmə qrupu göndərilib. Onların 80 nəfəri AFAD əməkdaşıdır, digərləri isə QHT və bələdiyyə qruplarından ibarətdir.
Bundan əlavə, əraziyə 2 xilasedici it, 8 axtarış cihazı, 2 dron və 52 nəqliyyat vasitəsi də cəlb olunub.
Həmidə İbrahimova