AZ

Ukraynadan kütləvi DRON HÜCUMU: Rusiyanın əsas neft emalı zavodları YANIR - VİDEO

Oktyabrın 29-na keçən gecə Ukrayna dronları Rusiyanın bir sıra strateji sənaye obyektlərinə hücum edib. Zərbələr Moskva da daxil olmaqla, Ulyanovsk vilayətindəki və Mari Eldəki neft emalı zavodlarını, eləcə də Stavropol diyarındakı kimya zavodunu hədəfə alıb.

Musavat.com xəbər verir ki, bu barədə Telegram kanalları məlumat verib.

Paylaşılan video görüntülərdə “Lukoil” qrupuna məxsus “Stavrolen” neft-kimya zavodunda güclü yanğın müşahidə olunur. Müəssisə Stavropol diyarının Budyonnovsk şəhərində yerləşir. Hücumlar həmçinin Ulyanovsk vilayətinin Novospasskoye şəhərindəki “NS-Oil” neft emalı zavoduna və Yoşkar-Ola yaxınlığındakı Mariyski neft emalı zavoduna da dəyib.

Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Stavropol diyarının rəhbəri Vladimir Vladimirov hücum faktını təsdiqləyiblər. Onların sözlərinə görə, insan tələfatı yoxdur və ciddi dağıntı qeydə alınmayıb. Mari El rəhbərliyi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Telegram kanallarında yayılan məlumatlara görə, Budyonnovskda yanğın şəhərin bir neçə hissəsindən görünür. Mari El bölgəsindən paylaşılan kadrlarda isə sənaye zonasının üzərində parıltı müşahidə olunur.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində təxminən 100 dronun məhv edildiyini bildirib. Onlardan bir neçəsinin Moskva istiqamətinə hərəkət etdiyi qeyd olunub.

“Stavrolen” Şimali Qafqaz Federal Dairəsində polietilen və polipropilen istehsal edən ən iri müəssisələrdən biridir. “NS-Oil” zavodu ildə təxminən 30 min ton, Mari El neft emalı zavodu isə benzin və mazut da daxil olmaqla 1,6 milyon tona qədər yanacaq emal edir.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr