AZ

Ev telefonlarımız niyə “susur”?

ATS şəbəkəsi ildən-ilə məhdudlaşır

Vaxt var idi, ev telefonlarımızın zəngi gələndə sevinərək dəstəyi hər kəsdən tez götürməyə çalışardıq. Bu aparat evimizin ən dəyərli əşyalarından, sanki, ailəmizin üzvlərindən biri idi. Evimizdə dəhlizdəki örtüklü balaca masanın üzərində dayanardı. Onun yanında bir telefon kitabçamız da vardı. Hər kəsin adı və qarşısında nömrəsi olardı. Bəzən uzun-uzadı danışıqlarla, bəzən də bir zənglə sevindirərdi bizləri...

Bu gün demək olar ki, heç işləmir, amma yenə də evin bir küncündə yerini qoruyur... İllərlə növbəyə dayanıb çəkdirdiyimiz, ilk zənginə dünyalar qədər sevindiyimiz bu telefonlar doğrudanmı gərəksiz əşyaya çevrilib?

Bir zamanlar qonşudan-qonşuya, rayondan-şəhərə uzanan tellər indi xatirələrin tozlu küncündə qalıb. Gənc cütlüklərin saatlarla dəstəyin başında gözlədiyi telefon aparatlarından, yaxud metro çıxışlarında yerləşən taksafonlardakı növbələrdən bu gün əsər-əlamət yoxdur. Tarixə ekskurs etsək görərik ki, bu aparatlar da digər texnoloji cihazlar kimi zamanla dəyişdi, təkamül yolu keçdi. Əvvəlcə fırlanan nömrə diski ilə evlərimizin qonağı oldu. Sonra düyməli modellər, bir az da inkişaf edib gələn zəngdə nömrəni göstərənlər, ardınca simsiz, otaqlar arasında daşınan telefonlar gündəmə gəldi. İndi isə susur... Bəs görəsən niyə?

Dövlət Statistika Komitəsinin verdiyi məlumatdan da görünür ki, stasionar telefonlara tələbat azalıb. Belə ki,  ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır. 2023-cü ildə isə 1,4 milyondan bir qədər artıq sabit şəbəkə telefonları istifadəçisi qeydə alınıb. Onlardan 1,3 milyonu mənzillərdə olan sabit şəbəkə telefonları olub. Beləliklə, bir il ərzində 230 minə yaxın insan ev telefonlarından imtina edib.

Əhali arasında keçirdiyimiz sorğuda insanların əksəriyyəti  hər ay abunə haqqı ödəməsinə  baxmayaraq, ev  telefonlarından istifadə etmədiklərini bildirdilər. Səkinə İsmayılova  dedi: 

– 6 aydır ki, telefonum kəsilib abunə haqqını ödəmirəm. Mobil telefondan istifadə etmək mənə daha rahatdır. Ev telefonumuzun səsini belə unutmuşam.

Ev telefonundan imtina etməyə ürəyi gəlməyən Adilə Cəfərova isə bildirdi: 

– Hər ay boş-boşuna abunə haqqı ödəyirəm, amma ləğv etməyə də əlim gəlmir. Deyirəm, bəlkə, nə vaxtsa lazım olar. Elə bilirəm, evdə telefon olmayanda nəsə çatmır. 

Məsələ ilə əlaqədar “Aztelekom” MMC-nin də  mövqeyini  öyrəndik. Qurumdan bildirildi ki, son ­dövrlər stasionar telefonlara maraq, həqiqətən də azalıb: 

– Hazırda vətəndaşlara internet və stasionar telefon xidmətləri təqdim olunur. Mobil rabitə və internet texnologiyalarının sürətli inkişafı, istifadə rahatlığı və əlavə funksiyalar stasionar telefonlara olan ehtiyacı azaltsa da, bu rabitə növü hələ də bir çox hallarda aktuallığını qoruyur. Xüsusilə, rəsmi qurumlarda və təşkilatlarda  onların istifadəsi zəruri olaraq qalır. Şəbəkənin nisbətən zəif olduğu yerlərdə belə, ev telefonları sabit səs keyfiyyəti təmin edir. Bununla yanaşı, texnologiyanın inkişafı nəticəsində son dövrlərdə stasionar telefonlara olan marağın ildən-ilə azalma tendensiyası müşahidə olunur.

Açıqlamaya əlavə olaraq bildirək ki, bu xidmətlərdən istifadə vətəndaşların seçiminə bağlıdır. Belə ki, müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi xidmətlərdən imtina etmək istədiyi təqdirdə əvvəlcədən ərazi üzrə fəaliyyət göstərən şöbəyə yazılı şəkildə müraciət edərək telekommunikasiya xidmətini dayandıra bilər. Hazırda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 3 manat 50 qəpik, qeyri-əhali üçün isə 7 manat təşkil edir.

Onu da qeyd edək ki, stasionar telefonların tarixə qovuşması prosesi ölkə daxilində Avtomat Telefon Stansiyaları (ATS) tərəfindən həyata keçirilən texnoloji modernləşdirmə ilə də əlaqəli ola bilər. Belə ki, bəzi ATS-lərdə köhnə mis magistral kabellərin optik kabellərlə (GPON) əvəzlənməsi zamanı abunəçilər ev telefonunu saxlamaq istədikdə, onlara genişzolaqlı internet xidməti ilə birgə paketlərə qoşulmaq tələb edilir. İnternet qiyməti isə 25 manatdan aşağı deyil. Bu səbəbdən də insanların bəziləri əlavə xərcə düşməmək üçün stasionar telefon xidmətindən imtina etmək məcburiyyətində qalırlar.

Ekspertlər stasionar telefonlara tələbatın azalmasını həm də mobil telefonların sürətli inkişafı, insanların həyat tərzində və ünsiyyət vərdişlərində  köklü dəyişikliklərlə əlaqələndirirlər. Onlar bunun iqtisadi amillərlə də bağlı olduğunu hesab edirlər. Ev telefonlarına abunə olmaq, xüsusilə inkişaf edən bazarlarda daha baha başa gələ bilər. Mobil telefonlar və internet zəngləri isə daha sərfəli və əlverişli seçimlər təqdim edir.

Müsahibim isə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov dedi ki, xüsusilə gənc nəsil və texnologiyadan əlavə istifadə edən şəhər sakinləri arasında ­stasionar telefonlara ehtiyac minimuma enib:

– Hazırda bir çox ölkələr kimi Azərbaycanda da stasionar telefonların texnologiyası dəyişərək fiber-optik texnologiyaya keçib. Bu isə o deməkdir ki, artıq mis kabel dövrü bitib,  stasionar telefonlar fiber-optik üzərindən fəaliyyət göstərir. Son on ildə ölkəmizdə bu  telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə olunur.  Prosesin əsas səbəbi mobil rabitənin, internet üzərindən səsli və video-zəng xidmətlərinin ("VoIP", mesencer tətbiqləri və s.) sürətli inkişafıdır. 

Ev telefonlarından, əsasən, yaşlı əhali, kənd və qəsəbə sakinləri, həmçinin bəzi dövlət qurumları və müəssisələr istifadə edir. Bu telefonlar daha çox dövlət qurumlarında, xüsusən də təhlükəsizlik strukturlarında hələ də  etibarlı rabitə vasitəsi hesab olunur. Tələbatın azalmasının digər səbəbləri arasında texniki sabitlik, mobil əlaqənin zəif olduğu ərazilərdə rabitənin təminatı, uzun illərin vərdişləri və müəyyən hallarda daha ucuz tarif imkanları da var. Abunəlik sayında azalma tendensiyası, əsasən, mobil şəbəkələrin geniş əhatə dairəsi, internet paketlərinin əlçatan olması və yeni nəsil ünsiyyət vasitələrinin populyarlaşması ilə bağlıdır.

Bu xidmətin  mərhələli şəkildə daha da azalacağını qeyd edən mütəxəssis, stasionar telefonların “etibarlılıq” və “ənənə” rəmzi olaraq qaldığını vurğuladı:

– Stasionar  telefonlar bəzi insanlar üçün artıq sosial simvol və nostalji element kimi qəbul olunur. Küçələrdə quraşdırılan taksafonlar isə şəhərin qədimliyini və gözəlliyini tamamlayan amillərdən biri kimi dəyərləndirilə bilər.

Aİ (süni intellekt) üzrə  mütəxəssis Natiq Məmişov  stasionar telefonlara tələbatın azalmasını mobil telefonların həm  rahat daşına bilməsi, həm də əlavə funksiyalar təqdim etməsi ilə əlaqələndirdi:

– Məsələn, əvvəllər fotoqraflıq üçün fotokamera istifadə olunurdu,  indi isə mobiloqrafiya var. İnsanlar ­“iPhone”larla müxtəlif tədbirləri çəkə bilir, nəticə kifayət qədər keyfiyyətli alınır. Artıq bəzi insanlar ənənəvi vasitələrlə kifayətlənmir,  daha çox yenilik və texnoloji rahatlıq axtarırlar. 2000-ci illərin ortalarından mobil rabitənin inkişafı ilə stasionar telefonlara olan tələbat  tədricən azalmağa başladı. Bu, həm texnologiyanın sürətli inkişafı, həm də insanların həyat tərzi və vərdişlərindəki dəyişikliklərlə bağlıdır.

Mütəxəssis daha sonra qeyd etdi ki, burada iqtisadi amillər də rol oynayır:

– Mobil telefonlar artıq daha ucuzdur, limitsiz tarif paketləri mövcuddur. Mobil rabitə sahəsinə operatorlar daha çox sərmayə yönəldirlər. Bu da ­stasionar telefonlara marağın azalmasına səbəb olur. Digər tərəfdən, sosial davranışlarda da dəyişikliklər var. İnsanlar hər yerdə rahatlıq axtarırlar, amma stasionar telefonlar evlə məhdudlaşır. Bu proses internetin geniş yayılması ilə də əlaqədardır. 2000-ci illərin ortalarından etibarən yeni nəsil artıq mobil texnologiyalarla böyüdü və stasionar telefonlar onlara yad, köhnəlmiş göründü. Ümumilikdə, bu dəyişiklik həm texnoloji tərəqqinin, həm də cəmiyyətin ehtiyaclarının təbii nəticəsidir. Ev telefonları indi yalnız xüsusi məqsədlər üçün istifadə olunur və bu tendensiyanın  gələcəkdə də belə davam edəcəyi gözlənilir.

Mütəxəssis, ekspert və abunəçilərin söylədikləri göstərir ki, bu gedişlə ­stasionar telefonların da ömrü faks kimi bitə bilər. Müşahidəçilər qarşıdakı illərdə insanların sabit telefonlarından tamamilə imtina edəcəklərini proqnozlaşdırırlar. Lakin görünən odur ki, dövlət və digər qurumlar üçün sabit xətlərin önəmi hər zaman aktuallığını qoruyacaq. Ev telefonlarının sıradan çıxması bəzilərinə nostalji hissi yaratsa da, texnologiyanın sürətli inkişafı və dəyişən istifadəçi vərdişləri göstərir ki, bu, yeni dövrün tələbidir. 

Elenora HƏSƏNOVA
XQ

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr