AZ

Təhsildə növbəti pilot - islahat layihəsi 85 milyon manatı havaya sovura bilər…


Cavanşir Əliyev: “Müəllimlər çalışacaqlar ki, yüksək məvacib aldıqları üçün dərsləri sinifdə öyrətsinlər”

Növbəti ildən etibarən ölkənin ümumi təhsil sistemində mühüm yenilik gözlənilir. Belə ki, 2026-cı ildə Azərbaycanda 100 məktəbin adambaşına maliyyələşmə mexanizminə keçidi planlaşdırılır.

Yeni model hələlik pilot proqram çərçivəsində həyata keçiriləcək və bunun üçün dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Hələlik bu mexanizmin hansı məktəblərdə tətbiq ediləcəyi açıqlanmayıb. Maraqlıdır, adambaşına maliyyələşmə mexanizminin məqsədi nədir və onun tətbiqi müəllimlərin əməkhaqlarına necə təsir göstərəcək?

“Adambaşına düşən maliyyələşmə sisteminin məktəblərdə tətbiq edilməsi məktəblərin bir sıra izafi xərclərinin azalmasına…”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, adambaşına maliyyələşmə sistemində şagird sayına görə dövlət tərəfindən müvafiq ödəniş ayrılacaq və həmin ödəniş hesabına müəllimlərin əməkhaqqı hesablanacaq: “Bu, pilot layihə kimi 100 məktəbdə başladılacaq. Müəllimlər çalışacaqlar ki, yüksək məvacib aldıqları üçün dərsləri sinifdə öyrətsinlər. Bəziləri öz bilik və bacarıqlarını dərs prosesində şagirdlərə öyrətmir ki, bu da xoşagəlməz hal yaradır. Amma adambaşına maliyyələşmə olduqdan sonra əməkhaqqı artımı olacaq, bu da birbaşa tədris prosesinə təsir edəcək”.

Ekspert hesab edir ki, adambaşına düşən maliyyələşmə sisteminin məktəblərdə tətbiq edilməsi məktəblərin bir sıra izafi xərclərinin azalmasına, o cümlədən tədrisin təşkilində təkcə məktəb direktorunun yox, bütün məktəb kollektivin maraqlı olmasına gətirib çıxara bilər: “Bu model həm təhsil göstəricilərinin, həm də əməkhaqqı səviyyəsinin yüksəlməsinə təkan verəcək. Azərbaycan üçün bu modelin müsbət tərəfləri də çoxdur. Əvvəla, məktəblər resurslarını daha rasional bölüşdürməyə, tədris keyfiyyətinə əsaslanan qərarlar verməyə başlayacaq. Yüksək nəticələr göstərən, şagird axını çox olan məktəblər daha çox maliyyə əldə edəcəklər. Bu, bir növ məktəblər arasında inkişaf dinamikası yaradır. Bununla yanaşı, maliyyə qərarlarının bir hissəsinin məktəblərin özündə verilməsi mərkəzləşməni azaldacaq və yerli təşəbbüsləri stimullaşdıracaq. Eyni zamanda, məktəblər yalnız dövlət büdcəsindən asılı qalmayacaq, əlavə resurslar cəlb etmək, tərəfdaşlıq layihələri qurmaq və sosial məsuliyyət proqramlarından yararlanmaq imkanlarını genişləndirəcək”.

Günel CƏLİLOVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr