29 oktyabr – qardaş Türkiyənin Cümhuriyyət Bayramıdır! Türk millətinin böyük zəfərinin yekunu olan bu bayram mübarək olsun! Ancaq bu bayram təkcə türk qardaşlarımızın deyil, bütün türk dünyasının və zülmə məruz qalan dünya xalqlarının bayramıdır.
Son iki əsrdə türk millətlərinin və əzilən dünya xalqlarının həyatına iki nəhəng hadisə təsir edib, yollarına işıq tutub. Bunlardan birincisi, XX əsrdə Mustafa Kamal Paşanın rəhbərliyi altında türk millətinin istiqlal savaşında işğalçı dövlətlər üzərində qələbə qazanaraq Türkiyə Cümhuriyyətini qurmasıdır. O zaman Türkiyə Cümhuriyyəti türk dünyasının tək müstəqil dövləti idi.
İkinci nəhəng hadisə isə XXI əsrdə cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində təcavüzkarın məğlub edilərək ərazilərimizdən qovulub çıxarılması, diz üstə çökdürülməsi, separatçılığın kökünün kəsilməsi və dövlət suverenliyinin bütün ölkəmizin ərazisində tam bərqərar edilməsidir.
İndi türk dünyasının tək bir müstəqil dövləti deyil, bir neçə müstəqil dövləti və Türk Dövlətləri Təşkilatı vardır. Bütün türk tarixinin və son iki əsrdə türk dünyasının keçdiyi yolun başlıca yekunu bundan ibarətdir. Alınacaq başlıca dərs isə odur ki, türk döyüşdə məğlub ola bilər, amma onu boyun əydirmək olmaz.
Bəs buna necə nail olunub? Bəzi tarixi faktları xatırlamağı faydalı hesab edirəm. Mustafa Kamal Paşa TBMM-in qapalı iclasındakı nitqində deyirdi ki, düşmən şərtlərimizi qəbul edib könüllü şəkildə torpaqlarımızdan çıxıb getməsə, qələbə qılıncla qazanılacaqdır.
Hakimiyyətə gəldiyi ilk gündən cənab Prezidentimiz İlham Əliyev də dedi ki, səbrimiz sonsuz deyildir, düşmən ərazilərimizdən çıxmasa, bütün vasitələrdən istifadə edərək torpaqlarımızı işğaldan azad edəcəyik.
Hər ikisi dedi və etdi.
İstiqlal savaşı illərində türk mətbuatı yazırdı ki, Anadoluda öz ata-babalarının məzarlarını düşmənin çirkli ayaqlarından qorumağa və ölməyə hazır olmayan insan yoxdur.
Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrindən bir nəfər fərarinin olmaması müqəddəs Vətən torpağı uğrunda minlərlə insanın şəhidlik məqamına ucalmağa hazır olduğunu göstərdi.
Uzun illər boyu bəzi ölkələrdə siyasi maraqlar naminə yazılan kitablarda türk millətinin istiqlal savaşında qələbə qazanmasında başlıca rolu guya sovet Rusiyasının yardımlarının oynadığına dair tezis hakim olub. İstiqlal savaşında Türkiyəyə edilən yardımlara dair rəsmi qərarlar, faktlar işlədiyim Azərbaycan, Rusiya, Gürcüstan və b. ölkələrin arxivlərində saxlanılır. Doğrudan da yardımlar edilib, lakin bütün yardımlar ikinci dərəcəli rol oynayıb. Mustafa Kamal Paşa yardımları qəbul edib, lakin heç bir xarici ölkənin hərbçisinin ayağının Anadolu torpağına dəyməsinə icazə verməyib. Qələbəni türk milləti qanı və canı ilə döyüş meydanında özü qazanıb.
44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində də qardaş Türkiyə və digər bəzi dövlətlər Azərbaycana siyasi, diplomatik, mənəvi yardımlar etsələr də, qələbəni Azərbaycan milləti döyüş meydanında qanı və canı bahasına qazandı.
Qazanılan qələbələrin hər ikisi Azərbaycan və Türkiyə qardaşlığının, türk dünyası tarixinin parlaq səhifələrindən biri olmaqla gələcək nəsillərə də bir örnəkdir.
Ən mötəbər sənədlər şahidlik edir ki, istiqlal savaşı illərində edilən həmin yardımların bir hissəsi bolşevik Rusiyasının hökmranlığı altında olan türk və müsəlman xalqlarından toplanıb. Müstəqil olmamasına baxmayaraq, Azərbaycan xalqı da istiqlal savaşında türk qardaşlarına yardım maddi və mənəvi yardım göstərib, həmrəylik nümayiş etdirib.
1920-ci ilin aprelindən artıq müstəqil olmayan Azərbaycanın və Türkiyənin istiqlal savaşı illərində qardaşlığına dair arxivlərdə saxlanılan aşağıdakı bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm:
• Bolşevik işğalından sonra Türkiyəyə mühacirət etməyə məcbur olan bəzi şəxslər türk istiqlal savaşında iştirak ediblər..
• Harada yaşamasından asılı olmayaraq azərbaycanlılar Türkiyənin qələbəsini arzulayıb və yardımlar ediblər. Azərbaycanlı qızlar və gəlinlər zinyət əşyalarını göndəriblər.
• İstiqlal savaşının ikinci ildönümü münasibəti ilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov və xalq xarici işlər komissarı Mirzə Davud Hüseynov TBMM hökumətinin sədri Mustafa Kamal Paşanı, xarici işlər naziri vəzifəsini icra edən Əhməd Muxtarı, Şərq cəbhəsi komandanı Kazım Qarabəkir Paşanı, Ankaranın Tiflisdəki nümayəndə heyətinin başçısı Yusuf Kamal Tengirşenki, Bakıdakı diplomatik nümayəndə Memduh Şevket Esendalı təbrik ediblər. Təbrik məktubunda ümumi düşmən üzərində qazanılan qələbəyə Azərbaycanın sevindiyi və qalib türk ordusunun qələbə bayrağını tarixi paytaxt olan İstanbul üzərində dalğalandıracağına ümidi ifadə edilib.
• M. D. Hüseynov 1921-ci il fevralın əvvəllərində Kazım Qarabəkir Paşaya, RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerinə, Behbud Şahtaxtinskiyə, Qriqori Orconikidzeyə, Gürcüstan K(b)P MK katibi İvan Orexalişviliyə, Azərbaycan SSR-in diplomatik nümayəndəsi Xəlilova, TBMM-in Bakıdakı diplomatik nümayəndəsi Memduh Şevket Esendala göndərdiyi teleqramında yazırdı ki, Azərbaycan sovet hökuməti türk xalqına qardaş əlini uzatmağa həmişə hazırdır, Türkiyəyə göndərilən 30 sistern nefti və 2 sistern benzin yoldadır.
• Türk hökuməti 3 min ton benzin verilməsini sovet Rusiyasından xahiş etsə də, Moskvanın bunu verməyə imkanı olmayıb. Ona görə də Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 1921-ci il 4 mart tarixli iclasında məsələ müzakirə edilib və müvafiq qərar qəbul olunub. Azərbaycan tərəfi qardaş Türkiyənin xahişini yerinə yetirib.
• Azərbaycanın Karsdakı konsulu İslam Hacıbəyli 1921-ci il iyulun 5-də N. Nərimanova və xalq xarici işlər komissarının müavini A. Andreyevə göndərdiyi teleqramda Karsa bir neçə günlük gələn Kazım Qarabəkir Paşanın onunla görüşü və xahişləri barədə məlumat verirdi. Kazım Qarabəkir Paşa bildirmişdi ki, Karsdakı yetim uşaqlar hər ay 3 sistern neft məhsulunu gözləyir. Bu sisternlərin biri kerosin, ikisi isə mazut idi. Neft məhsullarının göndərilməsi vədini N. Nərimanov vermişdi. İ. Hacıbəyli Karsa gələrkən özü ilə 9 sistern neft məhsulları gətirmişdi. Yetimxananın uşaqları bu vəziyyətdən çox əziyyət çəkirdilər.
• Behbud Şahtaxtinski Azərbaycanın türk dəmir yollarının neftlə təmin edilməsinə müsbət yanaşdığını, gecikmələrin nəqliyyatın çatışmaması ilə bağlı olduğunu türk tərəfinə deyib.
• Türk ordusunun Sakariya döyüşündəki möhtəşəm qələbəsindən sonra Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşa Azərbaycan hökumətinin başçısı N. Nərimanova göndərdiyi teleqramda yazıb: “Türk xalqının həyat və müstəqilliyi uğrunda qazanılan bu qələbə Şərqin ən böyük qələbələrindən biridir". Cavab teleqramında N. Nərimanov xəbərdən görünməmiş dərəcədə xoşbəxt olduğunu bildirib.
• 1921-ci il oktyabrın 14-də Mustafa Kamal Paşa Azərbaycanın Ankaradakı səlahiyyətli nümayəndəliyinin üzvlərini qəbul etməsi qardaşlığın daha bir nümayişi olub. Əvvəlcə nitq söyləyən səlahiyyətli nümayəndə İbrahim Əbilov Azərbaycan xalqının və Azərbaycan SSR hökumətinin qardaşlıq salamını Türkiyə Böyük Millət Məclisinin sədri və qəhrəman ordunun Ali Baş Komandanı Mustafa Kamal Paşaya çatdırıb, qəhrəmanlığı ilə bütün dünyanı heyran qoyan qəhrəman türk ordusunu, milli həyatını, siyasi və iqtisadi hüquqlarını qorumaq yolunda çoxsaylı qurbanlar vermiş türk millətini salamlayıb. Bildirib ki, türk qəhrəmanları vətənlərini yadellilərdən xilas etmək, hüquqlarını və millətinin şərəfini qorumaq üçün istismarçılara sarsıdıcı zərbə vurmuş və düşməni susmağa vadar edib, türk milləti qəhrəmanlığı və qələbələri ilə dünyanı təəccübləndirib. İ. Əbilov türk diyarına gəlib Mustafa Kamal Paşanın simasında qardaşları olan türk millətinə Azərbaycanın salamını çatdırmaqdan özünü xoşbəxt hesab etdiyini deyib. Gətirdiyi hədiyyə uzun müddət hüquqlarını inkar edən çar zülmü altında inləmiş Azərbaycan türklərinin salamı olub. Deyib ki, Azərbaycan türkləri türk millətinin kədərini öz kədəri, sevincini öz sevinci hesab edir, türk millətini qorumaqdan ötrü sonuncu oğullarına qədər qurban verməyə hazırdır. İki qardaş xalq arasında əlaqələri və münasibətləri möhkəmləndirmək məqsədi ilə Ankaraya gələn Azərbaycan heyəti Mustafa Kamal Paşanın və Böyük Millət Məclisinin köməyi ilə bütün bunlara nail olacağına ümid edib. Türk millətinin tam qələbə qazanmasında Azərbaycan türklərinin rəğbət bəsləməsinə əmin olmalarını xahiş edib. Cavab nitqində Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisinin və onun ordusunun salamını İ. Əbilovun vasitəsi ilə qardaş Azərbaycan türklərinə və Azərbaycan SSR-ə çatdırmaqdan özünü xoşbəxt hesab etdiyini, türk millətinin, Türkiyə Böyük Millət Məclisinin və onun ordusunun Azərbaycan hökuməti və Azərbaycan türkləri tərəfindən göstərilən diqqət və səmimiyyətdən çox razı qaldığını, türk millətinin özünün milli sərhədlərində müstəqil və azad yaşamaq istədiyini, qanunu arzuları uğrunda döyüşdüyünü deyib. Bildirib ki, türk milləti qardaş Azərbaycanın nümayəndələrinin bu həqiqəti qəbul etməsindən xoşbəxtdir, Anadolu və Rumeli xalqının qəlbinin döyüntüsünü qardaş azərbaycanlıların qəlbi ilə birgə döyünməsi hesab edir. İ. Əbilovun hədiyyəsinin – təbrikinin dərinliyini və səmimiliyini nəzərə alan, Azərbaycan xalqının gələcəkdə heç vaxt əsir olmayacağını və hüquqlarının tapdalanmayacağını deyən Mustafa Kamal Paşa vurğulayıb: "Bizim azərbaycanlı qardaşlarımızın kədəri və sevinci bizim şəxsi kədərimizin və sevincimizin mənasıdır".
• Döyüşlər aparan türk ordusuna Azərbaycan SSR-in Ankaradakı səlahiyyətli nümayəndəliyi 160 min papiros hədiyyə etdi. Bu münasibətlə Qərb ordularının komandanı İsmət Paşa 1921-ci il dekabrın 29-da səlahiyyətli nümayəndə İ. Əbilova təşəkkür məktubu göndərib. Məktubda yazılırdı ki, mən qəddar düşmənə və yırtıcı imperializmə qarşı mübarizə aparan əsgərlərimizi başa düşən qardaş Azərbaycan türklərinin səmimi hisslərindən çox məmnunam, hədiyyə edilmiş papiros cəbhədə olan əsgərlərə tamamilə paylanılıb.
• 1922-ci il sentyabrın 5-də türk hökuməti 3 min tonu Şərq cəbhəsi, 17 min tonu isə ancaq müəssisələr, rəsmi idarələr və məktəblərin ehtiyacını ödəmək üçün cəmi 20 min ton benzin, neft və neft məhsulları almaq barədə qərar qəbul edib. Onun qiyməti Qafqaz respublikalarında qəbul edilən qiymətlə eyni idi.
• Türk əsgərlərinin ailələri üçün ianə toplanması məsələsi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1922-ci il 16 sentyabr tarixində Səmədağa Ağamalıoğlunun sədrliyi, Mahmud Xanbudaqovun katibliyi ilə keçirilən iclasında (protokol №35) 4-cü məsələ olaraq müzakirə edilib. İclasda Mirbəşir Qasımov, Məmməd Məmmədyarov, Dadaş Bünyadzadə, Mir Cəfər Bağırov, Hüsü Hacıyev, Mirzə Davud Hüseynov və b. iştirak ediblər. Qəbul edilən qərara görə, D. Bünyadzadə, Ruhulla Axundov və M. Məmmədyarovdan ibarət komissiya yaradılıb. Komissiyaya tapşırılıb ki, ianə toplamaq planını üç gün müddətində işləyib MİK-in Kiçik Rəyasət Heyətinin təsdiqinə versinlər. Bu məsələ həllini tapıb.
• Anadolunun kasıb sakinlərinə yardım göstərilməsi məsələsi Azərbaycan K(b)P MK Rəyasət Heyətinin 1922-ci il 2 oktyabr tarixli iclasında (protokol №45, 1-ci məsələ) müzakirə edilib. Qəbul olunan qərarda yazılırdı ki, Anadolunun kasıb əhalisinə yardım göstərilməsi zəruri hesab edilsin; Azərbaycan MİK yanında D. Bünyadzadə, R. Axundov, M. Məmmədyarov, Baba Əliyev və XXİK nümayəndəsindən ibarət komissiya yaradılsın və ona məsələni bütün təfərrüatları ilə hazırlamaq tapşırılsın; yardımın təşkili tamamilə hökumətin əlində olmalıdır və s.
• Türk ordusunun hər bir qələbəsindən sonra Bakıda və Tiflisdə azərbaycanlılar qurbanlar kəsib, evlərin eyvanlarından Azərbaycan və Türkiyə bayraqlarını asıb, məscidlərdə türk əsgəri üçün dualar oxunub.
• Yardımlara görə Mustafa Kamal Paşa minnətdarlıq edəndə cavabında N. Nərimanov yazıb ki, qardaş qardaşa borc verməz, əl tutar.
• Türkiyə Cümhuriyyətinin qurulması Azərbaycanda sevinclə qarşılanıb. O zaman artıq Zaqafqaziya Federasiyası qurulmuşdu. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi adından S. Ağamalıoğlu və b. 1923-cü il noyabrın 5-də Mustafa Kamal Paşanı Türkiyə Cümhuriyyətinin qurulması, prezident seçilməsi münasibəti ilə təbrik ediblər. Təbrik məktubunda Cümhuriyyətin elan edilməsinin təkcə Türkiyə deyil, bütün Şərq üçün əhəmiyyətli olduğu vurğulanıb.
• Azərbaycan K(b)P MK Rəyasət Heyətinin 1924-cü il iyunun 3-də keçirilən iclasında Anadoludakı qaçqınlar üçün toplanan və Azərbaycan MİK kassasında saxlanılan pulun göndərilməsi məsələsi müzakirə edilib. İclasda Rəyasət Heyətinin üzvləri R. Axundov, Ə. Qarayev, Q. Musabəyov, M.C.Bağırov, D. Bünyadzadə, S. Ağamalıoğlu və digər rəsmi şəxslər iştirak ediblər. Belə qərara gəlinib ki, toplanmış pullar Anadoluya göndərilsin və Zaqafqaziya hökumətindən Azərbaycan nümayəndəsinin pulu vermək üçün Anadoluya getməsindən ötrü XXİK qarşısında məsələ qaldırması xahiş edilsin.
Kökləri minilliklərə gedən birliyimiz, bərabərliyimiz, qardaşlığımız əbədi və möhkəm olsun! Müstəqil türk dövlətlərinin sayı daha da artsın!
Bayramınız bir daha mübarək olsun!
Musa Qasımlı,
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini
