Siyasətşünas alim Pərviz Səmədov Hafta.az-a verdiyi açıqlamada Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin onun və ailəsinin siyasi fəaliyyətinə qarşı haqsız müdaxilələrini sərt şəkildə tənqid edib. Səmədov bildirib ki, Ramiz Mehdiyev öz şəxsi və komanda maraqları uğrunda bir neçə dəfə onların siyasi hüquqlarını pozub və Azərbaycanda hüquqi dövlət prinsiplərinin pozulmasına səbəb olub.
Pərviz Səmədov 2010-cu ildə Nərimanov rayonunda keçirilən seçkilərdə əldə etdiyi səs üstünlüyünə baxmayaraq, Milli Məclisə üzv seçilməməsinin səbəbinin Ramiz Mehdiyevin birbaşa müdaxiləsi olduğunu vurğulayıb. O həmin dövrdə Avropa Məhkəməsinə müraciət etdiyini və məhkəmənin onun xeyrinə qərar verdiyini qeyd edib, lakin qərarın tətbiq olunmadan əvvəl razılıq alınmasının tələb edildiyini bildirib:
“Avropa Məhkəməsinin qərarına görə, mən millət vəkili maaşını almaq hüququna malik idim. Lakin məndən əvvəlcə razılıq alınmalı idi: Avropadan gələn şərtləri qəbul edirəm, yoxsa öz dövlətimin təzminatını. Həmin dövrdə Avropa Məhkəməsi ilə əlaqədar mənimlə bağlı çoxlu faktlar var idi. Bu səbəbdən qərarın qüvvəyə minməsi üçün altı ay gözləməli idim."
Həmsöhbətimiz Ramiz Mehdiyevin göstərişi ilə onun adından saxta sənədlərin tərtib olunduğunu və beləliklə, adının istifadə edilərək ona məxsus olmayan mülkün “kupça”sının əldə edildiyini açıqlayıb:
"Bu saxta sənədlər əsasında guya mən dövlətdən mülkümü gizlətmişdim və buna görə də namizədliyim ləğv edilməli idi"
Səmədov seçkilərdəki saxtakarlıq nəticəsində məğlub edildikdən sonra Avropa Məhkəməsinə şikayət etdiyini, amma qanuni olaraq millət vəkili maaşını almaqdan imtina etdiyini də vurğulayıb. O, bu qərarını açıqlayaraq, "Həmin dövrdə banklara böyük məbləğdə kreditlər ödəyirdim, amma buna baxmayaraq, Avropa Məhkəməsinin şərtlərindən imtina etdim və dövlətimin mənə təklif etdiyi kiçik məbləği qəbul etdim. Yəni Avropanın təzminatı ilə müqayisədə, dövlətimin mənə verəcəyi məbləğ daha kiçik olsa da, mən öz ölkəmi xarici qüvvələrin ayağına vermədim”, - deyə o bildirib.
Alim Ramiz Mehdiyevin həmin dövrün bütün qanunsuzluqlarına rəhbərlik etdiyini və bu cür addımların qarşısının alınması üçün dərhal hüquqi tədbirlərin görülməli olduğunu bildirib:
"Bu cür müdaxilələr, qanunsuzluqlara rəhbərlik edən şəxs Ramiz Mehdiyev idi".
Sultan Laçın