AZ

Göstəriş və təqdimat: idarəetmə və məcburetmə alətləri kimi

Hüquqi təcrübədə bəzən göstəriş və təqdimat anlayışları icra üçün sənəd verilmiş şəxslər tərəfindən bir-biri ilə qarışdırılır və onlar hansı tədbirləri görməli olduqlarını bilmirlər. Sözügedən anlayışların məzmununu daha aydın şəkildə anlamaq, hüquqi təbiətini müəyyən etmək üçün ilk növbədə onlar arasındakı fərqləri nəzərdən keçirmək lazımdır. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Sözügedən məcəllənin 4-cü maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Həmçinin məcəllənin 10-cu maddəsinə əsasən, dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər.

Məcəllə ilə qanunçuluq və inzibati xətaların qarşısının alınması 2 mərhələdən ibarət tədbirlərin həyata keçirilməsi ilə təmin edilir. Bu mərhələlərdən birincisi və ən geniş yayılanı bilavasitə sanksiyaların (cərimələrin) tətbiqidir ki, bu da məcəllənin xüsusi hissəsində birbaşa əks olunmuşdur. 

Digər mərhələ özü iki növ tədbirdən ibarətdir. Bunun biri praktikada kifayət qədər tətbiq olunan göstəriş (tələbnamə), digəri isə praktikada daha az tətbiq olunan təqdimatdır. 

Təsadüfi deyil ki, göstəriş və təqdimat dövlət orqanları tərəfindən tətbiq edilən məcburetmə tədbirləri hesab edilməklə, onların yerinə yetirilməməsinə görə sanksiyaların tətbiqi məhz məcəllənin idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslində təsbit olunmuşdur. 

İnzibati Xətalar Məcəlləsinin "İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar" adlanan 39-cu fəslində qanun pozuntularının aradan qaldırılmasına dair qanuni tələbləri nəzərdə tutan məhkəmə qərardadlarının (qərarlarının) və səlahiyyətli orqanların göstərişlərinin və təqdimatlarının yerinə yetirilməsinin təmini tədbiri kimi müvafiq sanksiyaları əks etdirən maddələr yer almışdır.

Səlahiyyətli orqan  fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyin pozulması halını aşkar etdikdə (məsələn, qiymət intizamı pozulduqda, saxlama müddəti ötmüş məhsullar satıldıqda və s.) həmin halın dərhal aradan qaldırılması haqqında icrası məcburi olan göstəriş verir. Əgər həmin fiziki və ya hüquqi şəxs tərəfindən sözügedən pozuntulara dəfələrlə yol verilərsə, bu zaman həmin pozuntulara yol verən şəxs(lər) barədə təqdimat verilir. 

Qeyd olunan məcəllənin 119-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında  təqdimat verir. Təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar.

Göstəriş və təqdimat bir-birindən məqsəd, təyinat, xarakter və nəticələrinə görə fərqlənir. Göstəriş pozuntu aşkar edildikdən sonra onun nəticələrinin aradan qaldırılması üçün verilir, təqdimat isə pozuntunun baş verməsinə səbəb olan halların aradan qaldırılmasına yönəlmiş qabaqlayıcı tədbirdir, yəni o ya pozuntu baş verməmişdən əvvəl, ya da gələcəkdə onun qarşısını almaq üçün verilir. Göstərişin məqsədi artıq aşkar edilmiş hüquq pozuntusunu və onun nəticələrini aradan qaldırmaqdır. Təqdimatın məqsədi isə hüquq pozuntusunun baş verməsinə səbəb olan amilləri aradan qaldırmaqdır, yəni bu, profilaktik tədbirdir.

Göstərişin təyinatı ondan ibarətdir ki, göstəriş yoxlama nəticəsində və ya səlahiyyətli orqana daxil olmuş məlumatlarda pozuntu müəyyən edildikdə verilir. Göstərişin xarakterinə nəzər salsaq, o, mövcud vəziyyətin düzəldilməsi üçün konkret tədbirlərin görülməsini tələb edir (yuxarıdakı misala uyğun dərhal qiymət intizamının təmin edilməsi üçün qiymətli kağızların malların üzərinə vurulması, dərhal menyuların tərtib olunması, vaxtı keçmiş məhsulların satışdan çıxarılması). Təqdimatın təyinatı odur ki, o, pozuntu baş verməmişdən əvvəl və ya gələcəkdə onun qarşısını almaq üçün təqdim edilir.

Göstəriş və təqdimat öz nəticələrinə görə də fərqli təbiətə malikdir. Göstərişin yerinə yetirilməməsi məsuliyyət tədbirlərinin tətbiqinə səbəb ola bilər. Təqdimat isə nəticə olaraq gələcək hüquq pozuntularının qarşısını almağa yönəlmişdir. Yəni nəticə olaraq göstəriş baş vermiş hadisəyə reaksiya verir. Təqdimat isə hadisənin qarşısını almağa yönəlmiş tədbirdir.

Bir sözlə, təqdimat yeni hüquq pozuntularının səbəblərinin və şəraitinin aradan qaldırılmasına yönəlmiş tədbirdir. Təqdimat həmin səbəblərə və şəraitə təsir göstərə bilən şəxslərə intizam və ya nəzarət xarakterli tədbir kimi göndərilir. Göstəriş nəzarət tədbirinin əlavəsi kimi çıxış edən əmrverici sənəd olmaqla aşkar edilmiş pozuntuların aradan qaldırılması tələblərini əks etdirir.

Bu mövzuda tədqiqat obyekti dövlət nəzarəti çərçivəsində yoxlanılan subyektin hüquqi davranışa məcbur edilməsi zamanı yaranan ictimai münasibətlərdir. Dövlət nəzarəti çərçivəsində aparılan yoxlamalar zamanı aşkar edilən pozuntuların aradan qaldırılması haqqında göstəriş, hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən hüquq normalarına riayət olunmasına məcburetmə alətidir.

Göstəriş nəzəriyyədə az işlənmiş bir mövzudur. Burada tədqiqatın yeniliyi isə mövcud hüquq tətbiqetmə təcrübəsinin (dövlət orqanlarının və məhkəmələrin qərarlarının) ümumiləşdirilməsindədir.

Hüquqi şəxslər və fərdi sahibkarlarla bağlı aparılan yoxlamalar zamanı dövlət nəzarəti orqanlarının səlahiyyətlərini təhlil edərək müəyyənləşdirə bilirik ki, göstəriş yoxlama tədbirlərinin əsas nəticələrindən biridir və hüquqi şəxslər və ya fərdi sahibkarlar üçün onu yerinə yetirmək öhdəliyinin yaranmasına əsas verir, eləcə də yerinə yetirilmə müddəti bitdikdə yoxlamanın aparılması üçün əsas sayılır. 

Hüquqtətbiqedici aktların əsas əlamətlərinə nəzər salaraq bu qənaətə gələ bilərik ki, göstəriş də hüquqtətbiqedici aktdır.

Dövlət nəzarəti çərçivəsində aparılan yoxlamalar zamanı aşkar olunan pozuntuların aradan qaldırılması barədə göstəriş, hüquqi şəxs və ya fərdi sahibkarı hüquq tələblərini yerinə yetirməyə məcbur edən vasitədir.

Dövlət nəzarəti orqanlarının qanun pozuntularının qarşısının alınması və hüquqi tələblərinin icrasını təmin etmək məqsədilə tətbiq etdiyi göstəriş məhdudlaşdırıcı, profilaktik xarakterli tədbirlərin tətbiqini nəzərdə tutur, bu isə nəzarət olunan subyektin istəyi nəzərə alınmadan həyata keçirilir.

Dövlət nəzarəti orqanı və ya bələdiyyə nəzarəti orqanı tərəfindən verilən göstəriş bir sıra hüquqi nəticələrə səbəb olur. Bu göstəriş icra üçün məcburidir, yəni  verildiyi hüquqi şəxs və ya fərdi sahibkar üçün yerinə yetirilmə öhdəliyi yaradır. 

Vaqif ATAŞOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr