AZ

Soğan əkən fermerlər "qan ağlayır"...


Akif Nəsirli: “Qiymət enməsinin əsas iqtisadi səbəblərindən biri artıq məhsulun olmasıdır”

Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün müxtəlif addımlar atılmaqdadır. Qısa zamanda inkişafına nail olunması planlaşdırılan əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Bu istiqamətdə stimullaşdırma aparmaq üçün zamanla müxtəlif işlər görülür.

Kənd təsərrüfatı məhsulları istehsal edənlərin üzləşdikləri problemlərdən biri də yığdıqları məhsulun bazara çıxarılması ilə bağlıdır. Məhsulun satışını qurmaqda çətinlik çəkənlər isə bu sahədə fəaliyyət göstərməyə o qədər də meylli olmurlar. Bu günlərdə soğan satışı ilə məşğul olanlar qiymətin aşağı olmasından giley edir. Azərbaycanda bir çox bölgələrdə, xüsusilə Salyan, Sabirabad, Şəki–Zaqatala və Neftçalada fermerlər soğanın maya dəyərindən aşağı qiymətə satılmasından narazılıq edirlər. Qeyd edək ki, zamanla fermerlər bu kimi problemlərlə tez-tez üzləşir.

Bəs qiymətlərin bu qədər enməsinin arxasında hansı iqtisadi amillər dayanır və yaxın aylarda bazarda artım gözlənilirmi? Bu cür vəziyyətlərdə fermerlərə nə kimi dəstək olunmalıdır?

“Soğanın maya dəyərindən aşağı satılması əsasən təklif bolluğu, ixracın zəifləməsi və saxlama infrastrukturunun çatışmazlığı ilə bağlıdır”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ hazırda kənd təsərrüfatında ciddi narazılıq doğuran iqtisadi problemdir. Qiymət enməsinin əsas iqtisadi səbəblərindən biri artıq məhsulun (təklif bolluğu) olmasıdır: “Bu il bir çox bölgələrdə — xüsusilə Salyan, Sabirabad, Şəki–Zaqatala və Neftçalada — hava şəraiti və subsidiyaların təsiri ilə soğan istehsalı rekord həddə çatıb. Təklif çoxaldığı halda daxili tələbat sabit qaldığından, bazarda artıq məhsul yaranıb, bu da qiymətləri aşağı çəkib.

Eyni zamanda ixrac çətinlikləri var. Keçən illə müqayisədə Rusiyaya və Gürcüstana ixracın azalması, eləcə də Mərkəzi Asiya bazarlarında rəqabətin artması (xüsusən Qazaxıstan və Özbəkistandan ucuz soğan təklifi) Azərbaycan məhsulunun ixrac imkanlarını məhdudlaşdırıb. Bununla yanaşı saxlama infrastrukturunun çatışmazlığı hiss edilir. Fermerlərin əksəriyyəti məhsulu uzun müddət saxlamaq imkanına malik deyil. Soyuducu anbarların azlığı onları məhsulu tez bir zamanda, aşağı qiymətə satmağa məcbur edir. Digər tərəfdən logistika və vasitəçi problemi mövcuddur. Bazarda əsas gəliri çox vaxt topdan alıcılar və vasitəçilər götürür. Fermerin maya dəyəri yüksəldiyi halda (yanacaq, işçi qüvvəsi, gübrə və s.), satış qiyməti həmin xərcləri ödəmir”.

Ekspert hesab edir ki, qısamüddətli perspektivdə (noyabr–dekabr), hava şəraiti soyuyarsa və bazarda təzə məhsul azalarsa, cüzi artım (10–15%) mümkündür: “Amma bu artım məhsulun böyük hissəsi artıq satıldığı üçün fermerlərə ciddi gəlir qazandırmayacaq. Ortamüddətli perspektivdə (2026-nın yazına qədər) ixrac kanalları bərpa olunsa (xüsusilə Rusiya və Gürcüstan istiqaməti), bahar aylarında qiymətlər sabitləşə və bir qədər yüksələ bilər. Əks halda, süni tənzimləmə və ya dövlət intervensiyası olmadan qiymətlərin sürətlə qalxması real görünmür”.

Həmsöhbətimizin fikrincə, fermerlərə dəstək olmaq üçün müəyyən addımlar atıla bilər: “Dövlət Ehtiyat Fondu vasitəsilə artıq məhsulun müəyyən hissəsini alıb ehtiyat kimi saxlamalı və bu yolla qiymət sabitliyini təmin etməlidir.

Soyuducu anbarlar və emal müəssisələrinin bölgələrdə qurulması fermerə məhsulu tələsik satmadan saxlamaq və sonradan daha sərfəli qiymətə satmaq imkanı verər.

Həmçinin, dövlət və ya ixrac assosiasiyaları fermer birliklərini xarici bazarlara çıxışda dəstəkləməli, xüsusilə gömrük və nəqliyyat xərclərində güzəşt tətbiq olunmalıdır.

Kiçik təsərrüfatlar birləşərək kooperativlər şəklində məhsulu birgə toplayıb satarsa, vasitəçilərdən asılılıq azalacaq, qiymətlərin aşağı düşməsi risqi də zəifləyəcək.

Yəni soğanın maya dəyərindən aşağı satılması əsasən təklif bolluğu, ixracın zəifləməsi və saxlama infrastrukturunun çatışmazlığı ilə bağlıdır. Qısamüddətli qiymət artımı mümkündür, amma dayanıqlı həll üçün kooperasiya, ixrac dəstəyi və infrastruktur investisiyası vacibdir”.

Günel CƏLİLOVA

Seçilən
20
baki-xeber.com

1Mənbələr