BAKI, 29 oktyabr. TELEQRAF
Çin hakimiyyəti Tayvanla materik hissənin birləşməsindən güc yolu ilə imtina etməyəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin rəsmi nümayəndəsi Pen Tsin’yen məlumat verib.
O bildirib ki, Pekin sülh yolu ilə birləşmə üçün “geniş imkanlar yaratmağa və bu istiqamətdə maksimum səmimiyyət və səylə çalışmağa hazırdır”, lakin güc tətbiqindən imtina etməyi vəd etmir və lazımi tədbirlər görmək hüququnu özündə saxlayır.
Pen Tsinyen xatırladıb ki, Pekin Taybeylə münasibətlərdə “bir ölkə - iki sistem” prinsipinə sadiq qalacaq və sülh yolu ilə birləşmənin hər iki tərəfin birgə səylərini tələb etdiyini vurğulayıb.
“Ümid edirik ki, Tayvanda yaşayan soydaşlarımız bizimlə birlikdə separatizmə və xarici müdaxiləyə qarşı çıxaraq Çin millətinin böyük dirçəlişinə və uzunmüddətli rifahına töhfə verəcəklər”, - o əlavə edib.