Azərbaycanda istehlak kreditlərinin həcimi son bir ildə artıb. Bu barədə Mərkəzi Bankın açıqlanan bülletenində məlumat yer alır. Kredit portfeli son bir ayda 2 faiz və ya 571.4 mln. manat artaraq 29 milyard 276.3 milyon manat olub. Onların 53.1 faizi biznes, 31.4 faizi istehlak, 15.5 faizi isə ipoteka kreditlərinin payına düşüb.
Bir il əvvəl ilə müqayisədə isə kredit portfelində artım daha yüksəkdir və 9.6 faiz təşkil edib. 2025-ci il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528.1 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 17.6 faiz və ya 79 milyon manat çoxdur. Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 10 faiz və ya 48.1 milyon manat artıb. Amma problemli kreditlərin son bir ayda həcmində cüzi də olsa, azalma var. Avqustun sonunda bu rəqəm 530.9 milyon manata çatmışdı. Əksər iqtisadçılar kredit portfelində istehlak kreditlərinin artmasına mənfi yanaşırlar. Onların vurğulamasına görə, bu o deməkdir ki, vətəndaş bankdan faizlə götürdüyü pulu müəyyən qədər biznesə yox, məişət avadanlıqlarının alınmasına xərcləyir. Problemli kreditlərin yaranmasının bir neçə əsas səbəbi var. İlk növbədə, borcalanların gəlir səviyyəsinin azalması kreditlərin qaytarılmasını çətinləşdirir. Digər tərəfdən, bankların risklərin qiymətləndirilməsində yol verdiyi səhvlər, zəif kredit siyasəti və sığortalanmamış risklər də bu vəziyyəti ağırlaşdırır. Məsələn, bəzi hallarda banklar gəlirləri qeyri-sabit olan şəxslərə və ya iqtisadi cəhətdən dayanıqsız şirkətlərə kredit verirlər. Belə kreditlər qısa müddətdə gəlir gətirsə də, uzunmüddətli perspektivdə problemli portfelin artmasına gətirib çıxarır. Problemli kreditlərin bank sisteminə təsiri çoxşaxəlidir. Əvvəla, bu cür kreditlər bankların likvidliyini azaldır. Yəni, qaytarılmayan borclar nəticəsində bankın sərbəst maliyyə vəsaiti azalır, nəticədə yeni kreditlərin verilməsi çətinləşir. İkinci tərəfdən, problemli kreditlər bankların gəlirliyini azaldır, çünki onlar itkilərin qarşısını almaq üçün əlavə ehtiyat fondları yaratmalı olurlar. Bu da bankların maliyyə göstəricilərinin pisləşməsinə, investisiya imkanlarının məhdudlaşmasına və ümumilikdə sektora olan inamın azalmasına gətirib çıxarır. Problemli kreditlərin artması təkcə bank sektoruna deyil, bütövlükdə iqtisadi sistemə mənfi təsir göstərir. Kredit sisteminin zəifləməsi nəticəsində müəssisələr maliyyə resurslarına çıxış imkanlarını itirir, istehsal azalır, iş yerləri bağlanır və iqtisadi artım tempi zəifləyir. Bu, həmçinin dövlət büdcəsinə də mənfi təsir göstərir, çünki iqtisadi aktivlik aşağı düşdükcə vergi daxilolmaları azalır. Nəticədə, dövlət həm sosial, həm də iqtisadi proqramları maliyyələşdirməkdə çətinliklərlə üzləşir.
Problemli kreditlərin sosial nəticələri də az əhəmiyyət daşımır. Borclarını qaytara bilməyən vətəndaşlar iqtisadi və psixoloji gərginlik yaşayır. Problemli kreditlərin çoxalması eyni zamanda maliyyə sistemində “zəncirvari effekt” yaradır. Banklar arasında qarşılıqlı borclar və öhdəliklər olduğuna görə, bir bankın maliyyə çətinliyi digər banklara da təsir göstərə bilər. Bu hal sistemli riskin yaranmasına, yəni bütün maliyyə sektorunun dağılma təhlükəsinə səbəb olur. Belə vəziyyətlərdə dövlətin müdaxiləsi qaçılmaz olur. Lakin dövlətin xilasetmə tədbirləri — məsələn, problemli kreditlərin restrukturizasiyası və ya dövlət fondlarının hesabına ödənilməsi — büdcə üçün əlavə yük yaradır. Azərbaycan da bu problemi müxtəlif mərhələlərdə yaşamış ölkələrdən biridir. Xüsusilə 2015-ci il devalvasiyalarından sonra bir çox vətəndaşın xarici valyutada götürdüyü kreditlərin ödənişi çətinləşdi və problemli kreditlərin həcmi artdı. Dövlət bu vəziyyətə müdaxilə edərək, Prezidentin fərmanı ilə vətəndaşların borc yükünün azaldılması və bank sektorunun sağlamlaşdırılması istiqamətində mühüm addımlar atdı. Bu tədbirlər nəticəsində bank sisteminin dayanıqlığı bərpa olundu və maliyyə sabitliyi qorundu. Lakin bu təcrübə bir daha göstərdi ki, kredit siyasəti hər zaman ehtiyatlı və risklərin düzgün qiymətləndirilməsi əsasında qurulmalıdır. Problemli kreditlərin qarşısının alınması üçün bir neçə əsas istiqamətdə tədbirlər vacibdir. Əvvəla, banklar kreditvermə prosesində müştərinin real gəlirini, kredit tarixçəsini və ödəmə qabiliyyətini diqqətlə qiymətləndirməlidirlər. Eyni zamanda, maliyyə savadlılığının artırılması da mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlar kredit götürərkən uzunmüddətli öhdəliklərin risklərini anlamalı və maliyyə planlaşdırmasını düzgün aparmalıdırlar. Dövlət səviyyəsində isə bank nəzarəti mexanizmləri gücləndirilməli, şəffaf hesabatlılıq təmin olunmalı və risqlərin idarə edilməsi sistemi təkmilləşdirilməlidir. Ümumiyyətlə isə, problemli kreditlər təkcə bankların deyil, bütün iqtisadi sistemin sağlamlığı üçün təhlükə yaradan faktordur. Onların vaxtında aşkarlanması və düzgün idarə edilməsi maliyyə sabitliyinin təminatı üçün vacibdir. Bankların məsuliyyətli davranışı, dövlətin nəzarət mexanizmləri və əhalinin maliyyə savadlılığı bu problemin qarşısını almağın əsas açarlarıdır. Yalnız bu üçtərəfli balans sayəsində iqtisadi sistem uzunmüddətli dayanıqlılıq və sosial rifah səviyyəsini qoruya bilər.
Samirə SƏFƏROVA