AZ

Azərbaycanla Qazaxıstan Xəzərdə "dar boğaz" problemini həll etmək üçün birgə müəssisə yaradacaq

Dünyada baş verən geosiyasi proseslər nəticəsində Orta dəhliz qlobal ticarət marşrutları arasında iqtisadi baxımdan səmərəli və təhlükəsiz olması ilə önə çıxıb. O üzdən dəhlizin fəaliyyətini daha da aktivləşdirmək üçün maraqlı ölkələr müxtəlif yollar axtarır. "Azərbaycan Dəmir Yolları" QSC və Çinin Sian limanı arasında Anlaşma Memorandumunun imzalanması da bununla bağlıdır.

Görüş çərçivəsində ADY sədrinin müavini Arif Ağayev və "Xi'an International Port Group"un baş direktoru Yuan Syaodzyunun imzaladığı Anlaşma Memorandumu beynəlxalq yükdaşımalar üzrə əlverişli mühitin yaradılması, rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və "Kəmər və Yol Təşəbbüsü" çərçivəsində Orta dəhliz boyunca multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlərin görülməsi nəzərdə tutulur. Tərəflər bu sənədi imzalamaqla konteyner qatarlarının təşkili və istismar qaydalarının optimallaşdırılması, yüklərin daşınma müddətinin təkmilləşdirilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) imkanlarının artırılması, dəhliz boyu dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi, eləcə də Xəzər dənizində yüklərin daşınması mexanizminin təkmilləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin funksionallığının genişləndirilməsi, bu xəttin Türkiyə və Avropanın dəmir yolu şəbəkələri ilə əlaqəsinin daha səmərəli təşkili, həmçinin Orta dəhliz boyunca nəqliyyatın dayanıqlı inkişaf planının hazırlanması, daha çox tranzit yüklərin cəlbi və daşımaların həcminin artırılması istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Eyni zamanda yükdaşımaların real vaxt rejimində monitorinqi məqsədilə elektron məlumat mübadiləsi sisteminin hazırlanması və tətbiqi barədə razılıq əldə olunub. ADY və Sian Limanının rəhbərliyi həmçinin logistika infrastrukturuna birgə investisiya, birgə tikinti layihələrinin icrası və infrastrukturdan birgə istifadə modellərini fəal şəkildə araşdıracaqları barədə qərar qəbul ediblər. Bundan başqa, tərəflər Orta dəhliz boyunca yerləşən ölkələrdə müştərilərə yüksək səmərəli yükdaşıma xidmətləri göstərmək üçün Çin və ya Azərbaycanda sadələşdirilmiş biznes modeli əsasında şirkətin yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin mərkəzində yerləşən Sian Limanı quru ərazidə olsa da, beynəlxalq ticarətə qapı funksiyası daşıyır və daxili bölgələr üçün dəniz limanlarına çıxış nöqtəsi rolunu oynayır. Sian Limanı Çinin qərb və mərkəzi bölgələrini Mərkəzi Asiya, Avropa və Yaxın Şərqlə birləşdirən dəmir yolu marşrutlarının əsas qovşağıdır. Bu liman vasitəsilə Çinin daxili bölgələrindən Avropaya əsasən elektronika, tekstil və kənd təsərrüfatı məhsulları ixrac edilir, eyni zamanda Avropadan və Mərkəzi Asiyadan enerji resursları, kimyəvi məhsullar və sənaye avadanlıqları idxal olunur.

O ki qaldı ADY-yə, o bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. Analoji dövrdə ümumilikdə 103 min 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (86 min 413) təxminən 20 faiz çoxdur.

Dünya logistikasında "dar boğazlar" termini mövcuddur. "Dar boğaz" marşrut üzrə  bir texniki və ya təbii proses səbəbi ilə yük axınının tıxandığı nöqtədir. Orta dəhlizdə belə bir yer yüklərin Xəzər dənizi üzərindən aşırılması zamanı baş verə bilər. Azərbaycan bu problemin ölkə ərazisində və ya digər nöqtələrdə olmasının qarşısını almaq üçün aktiv tədbirlərin görülməsi üçün səy göstərir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı qeyd edib ki, region ölkələri nəqliyyat marşrutlarının inkişafında investisiyaların səmərəliliyini təmin etmək üçün infrastruktur xərclərini daha sıx şəkildə əlaqələndirməlidir: "Əsas diqqəti artıq investisiyadan çəkinməyə və infrastruktur xərclərimizin daha düzgün əlaqələndirilməsinə yönəltmişik. ...Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə Xəzər dənizində mövcud olan "dar boğaz" problemini həll etmək üçün Qazaxıstanla birgə müəssisə yaratmaq barədə razılığa gəldik. Bu layihə çərçivəsində super-bərə sistemləri istifadəyə veriləcək və bununla daşıma xərcləri təxminən 1,5-2 dəfə aşağı düşəcək".

Nazirin sözlərinə görə, artıq marşrutun maliyyələşdirilməsinə yönəlmiş birgə müəssisə yaradılıb və bu təşəbbüs əsasən tariflərin tənzimlənməsi ilə bağlıdır: "Hazırda üç tərəf arasında tariflər uyğunlaşdırılıb. Bütün bu addımlar bizim tərəfdaşlarımızın və müştərilərimizin maraqlarına xidmət edir. Əminəm ki, biz bu inamı qurduqca, nəqliyyat marşrutları daha səmərəli və rəqabətqabiliyyətli olacaq".

R.Nəbiyev onu da söyləyib ki, Orta dəhlizdə marşrutların şaxələndirilməsi həm də müştərilər üçün əlavə etibar təmin edəcək: "Əgər mən Çindən olan müştəri kimi yüklərimin Avropaya hər hansı bir vaxta çatmasını təmin etmək istəyirəmsə, müxtəlif alternativlərim olmalıdır, məsələn, KTG, Gürcüstan Dəmir Yolları və Azərbaycan Dəmir Yolları kimi. Bu baxımdan biz artıq başa düşdük ki, bu dəhlizlər hətta Orta dəhliz daxilində belə şaxələndirilməlidir, marşrutların uyğunluğu əhəmiyyətlidir və rəqabət düzgün istiqamətə yönəldilməlidir".

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr