Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Kirayə gəlirlərinin 10 faizinin vergiyə cəlb edilməsi artıq tətbiq olunur. Yəni bu, 2026-cı ildən qüvvəyə minəcək yeni vergi dərəcəsi deyil — hazırda da kirayə gəlirləri ilə bağlı vergilər mövcuddur. Lakin mövcud durum göstərir ki, bu sahədə daha yaxşı nəzarət mexanizmlərinə ehtiyac var: bəzi mənzillərdən əldə olunan gəlirlər vergiyə cəlb olunmur və gəlir sahibləri müəyyən edilmiş qaydada qeydə alınmır. Buna görə də yeni və effektiv monitorinq sisteminin, eləcə də mexanizmlərin hazırlanmasına ehtiyac duyulur.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov kirayə mənzillərin vergiyə cəlb olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, kirayə sahəsində şəffaflığı artırmaq üçün vergi dərəcələrinin azaldılması daha səmərəli nəticə verə bilər:
“Bizim təklifimiz budur ki, kirayə ilə bağlı vergi dərəcələri aşağı salınsın. Vergi dərəcəsi aşağı olacağı təqdirdə mənzil sahibləri rəsmiləşdirmədən yayınmaqda maraqlı olmayacaqlar. Verginin tətbiqi rəsmi kirayə müqaviləsinin bağlanmasını tələb edir ki, bu da həm kirayəçini, həm də mənzil sahibini hüquqi məsuliyyətə cəlb edir və mənzilin qanunsuz fəaliyyət üçün istifadəsinin qarşısını alır. Hazırda isə rəsmi müqavilə olmadıqda bütün məsuliyyət kirayə verənin üzərində qalır. Ona görə də aşağı vergi dərəcələrinin tətbiqi təşviq edilməlidir ki, mənzil sahibləri mənzillərini rəsmi müqavilə əsasında kirayə verməyə daha çox meyilli olsunlar. Bu yanaşma həm vergi gəlirlərini artıracaq, həm də kirayə bazarında qanunsuz fəaliyyətlərin qarşısını alacaq”.
Əmlak eksperti Ramin Osmanlı isə hesab edir ki, fiziki şəxslər üçün kirayə gəlirlərindən tutulan verginin 14 faizdən 10 faizə endirilməsi kirayə bazarında ciddi dəyişiklik yaratmayacaq:
“Verginin 14%-dən 10%-ə endirilməsi daha çox stimullaşdırıcı tədbir kimi həyata keçirilsə də, bu, müqavilələrin sayında nəzərəçarpacaq dərəcədə artıma səbəb olmayacaq. Əlbəttə, müəyyən nisbi artımlar müşahidə edilə bilər, amma bu, ciddi və davamlı artım səviyyəsinə çatmayacaq. Əslində bu qərarın mahiyyəti ondan ibarətdir ki, bazarda rəsmi şəkildə bağlanan müqavilələrin sayı artsın, yəni prosesi leqallaşdırmaq stimullaşdırılsın. Bu baxımdan düşünürəm ki, qiymət dəyişikliyinə də əhəmiyyətli təsir göstərməyəcək”.
Ekspertin fikrincə, 14% ilə 10% arasındakı fərq çox böyük olmadığından, kirayə qiymətlərinə ciddi təsir gözlənilmir:
“Düşünürəm ki, bütövlükdə bu rəqəmlərin 2-4 faiz aralığına endirilməsinə ehtiyac var idi. Təəssüf ki, hələlik qəbul edilən qərar yalnız bu səviyyədə qalıb. Ümid edirəm ki, gələcəkdə aidiyyəti qurumlar bu qərarlara yenidən baxacaqlar”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.