Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Son vaxtlar televiziya efirlərində narahatedici bir meyl müşahidə olunur: əqli geriliyi olan, psixoloji və sosial baxımdan həssas şəxslərin müxtəlif verilişlərdə “qonaq” kimi təqdim edilməsi. Bu şəxslərin ailə, məişət və şəxsi problemlərinin efirə daşınması isə həm etik, həm də hüquqi baxımdan ciddi suallar doğurur.
Televiziyalar çox zaman bu insanları reytinq naminə alətə çevirir. Tamaşaçının marağını cəlb etmək üçün onların emosional davranışları, bəzən də anlaşılmaz sözləri “şou elementinə” çevrilir. Əslində isə bu, nə jurnalistika, nə də maarifçilikdir. Bu, sosial məsuliyyətsizlikdir.
Televiziya verilişləri cəmiyyətin mənəvi dəyərlərinə təsir edən ən güclü vasitələrdən biridir. Lakin son illərdə bəzi efirlərdə insan talelərinin “tamaşaya çevrilməsi” adi hala dönüb. Əqli və psixoloji problemi olan şəxsin ictimai müzakirəyə çıxarılması, onun davranışlarına gülünməsi və sosial mediada paylaşılması bu insanların və ailələrinin ləyaqətinə zərbə vurur.
Jurnalistikanın əsas prinsiplərindən biri insan ləyaqətinə hörmətdir. Əgər bu prinsip pozularsa, efir nə qədər baxılsa da, onun dəyəri sıfır olur.
Azərbaycan Respublikasının qanunvericiliyində, eləcə də “Kütləvi informasiya vasitələri haqqında” qanunda insanların şəxsi həyatına müdaxilə və etik dəyərlərin pozulması qadağandır. Əqli geriliyi olan şəxslər isə bu baxımdan xüsusi qorunma tələb edir. Onların özünü ifadə etmək bacarığı məhdud olduğuna görə, efirə çıxarılmadan öncə razılıq sənədi almaq və psixoloji vəziyyəti nəzərə almaq vacibdir. Amma reallıqda bu qaydalara çox vaxt əməl edilmir.
Bəzi verilişlərdə bu cür şəxslər “reallıqdan xəbərsiz qurbanlara” çevrilir. Onların ailə münaqişələri, yoxsulluq və səhhət problemləri efirdə açıq şəkildə müzakirə olunur. Tamaşaçılar isə bu vəziyyəti şou kimi izləyir, halbuki efirdə gördüyümüz şəxs yardıma və reabilitasiyaya ehtiyacı olan insandır. Bu, həm cəmiyyətin empati duyğusunu korlayır, həm də həmin şəxsləri ictimai təhqirə və sosial təcridə məhkum edir.
Efirin məqsədi insan talelərini istismar etmək deyil, onları düzgün təqdim etməklə cəmiyyətə dərs verməkdir. Əqli geriliyi olan şəxsləri reytinq vasitəsinə çevirmək həm vicdana, həm qanuna, həm də insanlığa ziddir. Əgər televiziyalar doğrudan da “xalq üçün” fəaliyyət göstərdiklərini iddia edirlərsə, gərək bir insanın göz yaşını tamaşa zövqünə çevirməsinlər.
Leyla Mirzə, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.