BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Senatı Braziliyadan idxal olunan mallara tətbiq edilən 50 faizlik gömrük rüsumlarının ləğvini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Teleqraf xəbər verir ki, səsvermə "C-SPAN" telekanalı tərəfindən birbaşa yayımlanıb.
Qanun layihəsi Virciniyadan olan demokrat senator Tim Keyn tərəfindən təqdim edilib. Sənədin lehinə 52 senator, o cümlədən prezident Donald Trampın partiyasından olan beş respublikaçı səs verib. 48 senator isə layihənin əleyhinə çıxıb.
"The Hill" qəzeti qeyd edir ki, səsvermə simvolik xarakter daşıyır və əsas məqsədi Trampın ticarət siyasəti ilə razılaşmayan respublikaçıların mövqeyini göstərməkdir.
Ekspertlərin fikrincə, qanun layihəsinin Nümayəndələr Palatasında qəbul ediləcəyi gözlənilmir, çünki orada da çoxluq respublikaçılardadır. Hətta layihə hər iki palatada təsdiqlənsə belə, prezident Trampın veto hüququndan istifadə etməsi ehtimalı böyükdür.