“ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanı Gürcüstan banklarına sanksiya tətbiq etməyə çağırıram”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
Eks-prezident bildirib ki, Gürcüstan bankları diktaturanın, antidemokratik və anti-Avropa siyasətinin həmsəhmdarı kimi sanksiyalara məruz qalmalıdır: “Banklar Gürcüstanın Avropa İttifaqına daxil olmasını istəmirlər, çünki bu halda onların quldurluq xarakterli yüksək gəlirləri dəfələrlə azalacaq.
Gürcüstan oliqarx Bidzina İvanişvilinin qəddar diktaturasından ciddi şəkildə əziyyət çəkir. Gürcüstandakı əsas banklardan biri - “Kartu Bank” onun ailəsinə məxsusdur. Amma diktaturanı dəstəkləyən və Gürcüstanın Avropaya inteqrasiyasına mane olan təkcə “Kartu Bank” deyil. Ədalətsiz tənzimləmələr nəticəsində Gürcüstandakı digər banklar Avropa İttifaqı yurisdiksiyasındakı hər hansı banklardan dəfələrlə artıq mənfəət əldə edirlər. Buna görə də onların Gürcüstanın Avropa İttifaqına daxil olmasında maraqları yoxdur.
Bu banklar rejimin repressiv tədbirlərini maliyyələşdirir, nəticədə yüzlərlə siyasi fəal və adi vətəndaş saxta ittihamlarla həbs olunur, əsas azadlıqlar isə amansızcasına məhdudlaşdırılır”.
Saakaşvili onu da qeyd edib ki, Gürcüstan banklarının Rusiyaya ABŞ, Avropa və digər beynəlxalq sanksiyalardan yayınmasına kömək etdiyinə dair ciddi dəlillər var: “Gürcüstan banklarına sanksiya tətbiq etməklə siz Gürcüstanda demokratiya və qanunun aliliyinin bərpasına kömək edəcək, həmçinin regionda Rusiyanın qanunsuz maliyyə fəaliyyətini məhdudlaşdıracaqsınız”.