AZ

"Inter"in qapıçısı qəza törətdi - 81 yaşlı adam öldü

"Inter"in qapıçısı qəza törətdi - 81 yaşlı adam öldü

İtaliyanın Komo vilayətinə bağlı Fenegro qəsəbəsində bu səhər baş verən yol qəzasında “Inter” klubunun ispan qapıçısı Josep Martinezin idarə etdiyi avtomobil əlil arabasında hərəkət edən yaşlı adamı vurub. 81 yaşlı adam hadisə yerində ölüb.

Yerli mediaya görə, qəza səhər saat 09:40 radələrində baş verib. İlkin məlumatlara əsasən, yaşlı adam elektrikli arabası ilə yolun kənarı ilə hərəkət edərkən qəfil istiqamət dəyişdirib və avtomobilin hərəkət zolağına daxil olub. Nəticədə toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Martinez toqquşmadan dərhal sonra avtomobilini saxlayaraq yaşlı adama ilkin tibbi yardım göstərib. Lakin hadisə yerinə gələn təcili yardım briqadasının bütün cəhdlərinə baxmayaraq, adamın həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının ilkin araşdırmasına əsasən, sürücü nə alkoqol, nə də hər hansı maddənin təsiri altında olmayıb. Hadisənin dəqiq səbəbi və sürücünün məsuliyyət dərəcəsi ilə bağlı istintaq davam edir.

“Inter” klubu baş verən faciə səbəbindən bu səhər keçirilməsi planlaşdırılan mətbuat konfransını ləğv edib. Klub rəhbərliyi hadisədən dərin kədər duyduqlarını və aidiyyəti qurumlarla tam əməkdaşlıq etdiklərini açıqlayıb.

Xatırladaq ki, 27 yaşlı Josep Martinez bu mövsümün əvvəlində Milanın “Inter” klubuna transfer olunub. Gənc qapıçının hadisədən sonra psixoloji dəstək aldığı bildirilib. İstintaqın nəticələrinin yaxın günlərdə açıqlanması gözlənilir.

Seçilən
22
afn.az

1Mənbələr