AZ

Monteneqroda anti-türk kampaniya başlayıb - azərbaycanlılar da ziyan çəkib - hadisəni kim qızışdırır?


Arzuxan Əlizadə: “Baş verənlərdə üçüncü qüvvələrin əli ola bilər”

Monteneqro polisi oktyabrın 27-də bildirib ki, paytaxt Podqoritsada bir qrup türkiyəli monteneqrolu bir kişini bıçaqlayandan sonra həftəsonu zorakılıqlar baş verib, ardınca onlarla Türkiyə və Azərbaycan vətəndaşı saxlanılıb.

Prezident Yakov Milatoviç sakitliyə çağırıb. Baş nazir Miloyko Spayiç deyib ki, Türkiyə vətəndaşları üçün vizasız gediş-gəliş rejimi müvəqqəti dayandıralacaq, gələcək viza qaydaları ilə bağlı Ankara ilə "intensiv" danışıqlar aparılacaq.

Məlumata görə, monteneqrolu kişi oktyabrın 25-də gecə bir qrup türkiyəli ilə qarşılıqlı təhqiramiz mübahisədən sonra bıçaqlanıb. Onun yaralarının həyatına təhlükə yaratmadığı açıqlanıb. Bundan sonra oktyabrın 26-da onlarla yerli sakin Türkiyə dövlət nömrə nişanlı avtomobilləri dağıdıb. Bəzi türkiyəlilər kazinoya sığınmalı olublar. Həmin gün gecə Podqoritsanın mərkəzində türkiyəlilərə məxsus restorana girərək onu yandırıblar. Polis bıçaqlanma hadisəsində iştirakı ehtimal edilən bir Türkiyə, bir Azərbaycan vətəndaşının saxlanıldığını bildirilir. Qanunsuz yaşayış sənədi şübhəsi ilə daha 45 türkiyəli və azərbaycanlı həbs edilib.

Maraqlıdır, bu hadisənin baş verməsində beynəlxalq anti-türk qüvvələrin iştirakı nə dərəcədə ehtimal oluna bilər? Nəzərə almaq lazımdır ki, Monteneqro türk dövlətləri ilə yaxın münasibətlərə malikdir. Bu ölkədə iş qurmaq və ya işləmək istəyən türkiyəlilərin sayında artım müşahidə olunur. Hadisənin arxasında kimlər dayana bilər? Məqsəd Monteneqro ilə bütün türk dünyasının əlaqələrini qırmaq ola bilərmi?

“Ola bilsin ki, Monteneqronun türkdilli dövlətlərlə genişlənən əlaqələri Avropada bəzi dairələri narahat edir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə, prinsipcə, burada üçüncü qüvvələrin təxribatını istisna etmədi: “Hər şey ola bilər. Hesab edirəm ki, Monteneqroda baş verən hadisələr ətraflı araşdırılmalıdır. Məsələ ondadır ki, Türkiyənin, Azərbaycanın bir sıra Avropa ölkələrində həyata keçirdikləri layihələri, gördükləri işləri həzm etməyən dairələr var. Həmin dairələr maraqlıdılar ki, belə xoşagəlməz hadisələr baş versin. Monteneqro ərazicə kiçik bir dövlətdir və 620 min əhalisi var. Sözügedən ölkənin iqtisadiyyatı əsasən turizmdən asılıdır. O cümlədən, Avropa İttifaqına namizəd olan ölkələrdən biridir. Son illər ölkədə iş qurmaq və ya işləmək istəyən türkiyəlilərin sayında artım müşahidə olunur. Təsadüfü deyil ki, Monteneqroda daimi və ya müvəqqəti qeydiyyatda olan 100 min əcnəbidən təxminən 13 mini Türkiyə vətəndaşıdır. O cümlədən, orada azərbaycanlılar da fəal fəaliyyət göstərirlər. Ola bilsin ki, Monteneqronun türkdilli dövlətlərlə genişlənən əlaqələri Avropada bəzi dairələri narahat edir. Yunanıstan, Fransa, Yunan Kipri Türkiyənin Cənubi Avropa ölkələrində artan nüfuzundan narahatdır. İstəmirlər ki, Türkiyə orada dominant mövqeyə malik olsun. Həmçinin Avropada bəzi mərkəzlər bunu istəmir. Ona görə də baş verənlərdə üçüncü qüvvələrin əli ola bilər”.

Vidadi ORDAHALLI

Seçilən
35
baki-xeber.com

1Mənbələr