Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Prof. Dr. Xaləddin İbrahimli
Psixologiya elmi hələ təşəkkül tapmamış dövrlərdə belə, bəzi yazıçılar insan ruhunun dərin qatlarını elə incəliklə təsvir edirdilər ki, onların əsərləri bəzən klinik müşahidələr qədər gerçək və inandırıcı mənəvi baxış ortaya qoyurdu. Bu yazıçıların başında, şübhəsiz ki, Çarlz Dikkens dayanır. Dikkens təkcə sosial ədalətsizliklərin deyil, eyni zamanda bu ədalətsizliklərin insan ruhunda buraxdığı izlərin də müəllifi idi.
Onun romanları Viktoriya dövrü İngiltərəsinin yoxsulluğunu, sinfi fərqləri və ictimai təzyiqləri təsvir etməklə kifayətlənmir; həm də bu şəraitin fərdin psixoloji inkişafına göstərdiyi dağıdıcı təsirləri üzə çıxarır. “Devid Kopperfild” və “Böyük Ümidlər” romanlarında Dikkens, uşaqlıq dövründə yaşanan travmaların yetkinlik dövründə şəxsiyyət quruluşuna necə işlədiyini ustalıqla təsvir edir.
Roman qəhrəmanları çox zaman yoxsulluq, zorakılıq, laqeydlik və sevgisizlik içində böyüyən, bu təcrübələrin izlərini bütün ömürləri boyu daşıyan insanlardır. Dikkensin qələmində uşaqlıq sadəcə bir dövr deyil, insanın bütün həyatını formalaşdıran psixoloji bir təməl kimi təqdim olunur.
Travmanın izləri: uşaqlıqdan yetkinliyə. Dikkensin dünyasında travma yalnız fərdi bir ağrı deyil, ictimai quruluşun məhsuludur. O, uşaqlığın qaranlıq tərəflərini gizlətmir; əksinə, cəmiyyətin görməzlikdən gəldiyi bu reallıqları işığa çıxarır. Uşaqlıqda yaşanan sevgisizlik, rədd edilmə və ya zorakılıq, qəhrəmanların yetkinlikdəki kövrəkliyini, etimad problemlərini və kimlik axtarışlarını formalaşdırır.
Bu təsvirlər müasir psixologiyanın illər sonra elmi şəkildə ortaya qoyacağı həqiqətləri intuisiya ilə qabaqcadan hiss etdirir. Con Boulbinin “bağlanma nəzəriyyəsi” uşağın ilk illərdə qurduğu emosional bağların, onun yetkinlikdəki şəxsiyyətinə və münasibət formalarına necə təsir etdiyini izah edir. Dikkens isə bu hadisəni artıq ədəbi müstəvidə canlandırmışdı: sevgidən məhrum qalan uşaqlar böyüdükdə ya sevgiyə həddindən artıq bağlı, ya da ona tamamilə qapalı insanlara çevrilirlər.
Eyni şəkildə, Erik Eriksonun “psixososial inkişaf mərhələləri” nəzəriyyəsi uşaqlıqda yaşanan inamsızlıq və alçaldılma hisslərinin kimlik inkişafında həlledici rol oynadığını göstərir. Dikkensin qəhrəmanları – xüsusilə Pip, Devid Kopperfild və Oliver Tvist – bu prosesin canlı nümunələridir. Onların hər biri, uşaqlıqda yaralanmış bir mənliyin yetkinlikdə özünü yenidən qurmaq cəhdini təmsil edir.
Ədəbiyyatın şəfası, psixologiyanın kökü. Çarlz Dikkens sadəcə bir roman yazıçısı deyil, həm də insan inkişafının sosial və emosional əsaslarını dərin sezgi ilə qavrayan bir müşahidəçi idi. Onun qəhrəmanları bu gün psixologiya laboratoriyalarında “vaka nümunələri” kimi incələnsə, inkişaf travmasının bütün mərhələlərini görmək mümkün olardı.
Dikkensin əsərlərində uşaqlıq yalnız keçmişdə qalmır; daim indiyə sızır, fərdin kimliyini və seçimlərini formalaşdırır. Bu mənada onun romanları təkcə ədəbiyyat deyil, həm də bir növ psixoloji reabilitasiya prosesi kimidir – ağrının inkar edilmədən ifadə olunduğu, emosional qarşıdurmanın sağaldıcı bir sənət formasına çevrildiyi bir məkan.
Bu gün inkişaf psixologiyası travmanın izlərini elmi terminlərlə izah edir; amma Dikkens bu izləri insan üzlərində, qırıq uşaq səslərində, yarım qalmış ümidlərdə təsvir etmişdi. Onun romanları səssizcə bu həqiqəti pıçıldayır: “Sağalma bəzən sadəcə xatırlamaqla başlayır.”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.