İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası sosial platformalarda geniş müzakirə edilən məsələ — tibbi sığortasız şəxslərin, xüsusilə qeydiyyatsız və qeyri-formal əmək şəraitində çalışan insanların 2026-cı ildən etibarən tibbi xidmətlərdən bəhrələnməsində mümkün məhdudiyyətlərin yaranması ilə bağlı dərin narahatlığını ifadə edir.
Koalisiyanın mövqeyinə görə, tibbi sığortadan kənarda qalmaq təkcə sosial müdafiə çatışmazlığı deyil, həm də insan alveri, məcburi əmək və istismar riskini artıran ciddi sosial amildir. Bu tendensiya əsas insan hüquqları prinsipləri və dövlətin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq hüququnu təmin etsə də, mövcud qərar və mexanizmlər nəticəsində həssas qruplar — işsiz qadınlar, qeyri-formal sektorda çalışan şəxslər və qeydiyyatsız analar — bu hüquqdan faktiki olaraq məhrum qala bilər.
Bu vəziyyət “İcbari Tibbi Sığorta haqqında” Qanunun 2-ci maddəsi və “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 13 və 15-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, Nazirlər Kabinetinin 131 nömrəli Qərarı (2017) insan alveri qurbanlarının tibbi və sosial reabilitasiyasını dövlət təminatında nəzərdə tutur. Lakin tibbi sığortanın əhatə dairəsinin daralması həmin qərarın effektiv icrasına mane ola bilər.
Bu vəziyyət eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin tələbləri ilə də ziddiyyət təşkil edir, o cümlədən:
• BMT-nin İnsan Alverinə qarşı Palermo Protokolu – sosial və iqtisadi kövrəkliyin insan alverinə gətirib çıxaran amil olduğunu təsbit edir;
• BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktı (maddə 12) – hər kəsin mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə çıxış hüququnu tanıyır;