AZ

Ermənistanla sərhəddə Türkiyə bayrağına 20 il kim mane oldu?..


Azər Həsrət: “Türkiyənin istənilən ərazisində, o cümlədən də Ermənistanla sərhəddə bayrağını yüksəltmək problem olmayıb, ola da bilməz”

Türkiyənin Qars vilayətinin Akyaka rayonunun İncedere kəndinin sakinləri Ermənistanla sərhəddə Türkiyə bayrağını sancaraq 20 illik arzularını gerçəkləşdiriblər. Bu barədə İHA agentliyi xəbər yayıb.

Bildirilir ki, Türkiyə bayrağı Ermənistanla sərhəddə yerləşən və yüksəkliyi 2 500 metrə çatan Karakuzu dağında ucaldılıb.

Qeyd edilir ki, bayraq dirəyinin hündürlüyü 15 metr, bayrağın özü isə 6 metr təşkil edir.

Xüsusi işıqlandırma sisteminin quraşdırılması sayəsində bayraq gecələr də aydın şəkildə görünür.

Türkiyə bayrağının Ermənistan tərəfindən də aydın göründüyü bildirilir.

Ermənistanla sərhəddə Türkiyə bayrağını qaldırmaq 20 il idi niyə baş tutmurdu? Məgər kimsə Türkiyəyə mane olurdu?

O dövrdə hansısa qadağa vardı ki, Türkiyə bayrağı sərhəddə ucaldılmasın?

Təbii, Türkiyə suveren dövlətdi və öz ərazisinin istənilən yerində bayrağını asa bilər, gedib Ermənistanla sərhəddə də asa bilərdi. Bəs buna nə mane olurmuş ki, məsələni bu şəkildə təqdim edirlər?

“Elə ciddi bir maneə yox idi, sadəcə olaraq...”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə “Elə ciddi bir maneə yox idi, sadəcə olaraq buna iradə və istək lazım idi. Görünür, əvvəlki yönəticilər bunu ürəkdən istəməyiblər, yaxud da iradələri buna çatmayıb”-deyə bildirdi.

A.Həsrətin fikrincə, nəzərə almaq lazımdır ki, əslinə qalanda Qars böyük hesabla qədim Azərbaycan torpağı sayılır, təbiidir ki, qardaş Türkiyənin ərazisidir: “Orda yaşayanlar Azərbaycan əsilli türklərdir. Yəni bizdəndilər. Türkiyənin özü bütövlükdə bizdəndir. Qarsda yaşayanlar isə özəlliklə Azərbaycan əsillidirlər. Amma davamlı şəkildə Qarsdan Türkiyə Böyük Millət Məclisinə seçilən deputatlar, təəssüflər olsun ki, kürdlər olub. Ondan savayı, Qarsda bələdiyyə başqanları arasında da kürdlər üstünlük təşkil edib. Ona görə də ola bilsin ki, o bayrağı sərhəddə yüksəltməyə o amil mane olub. İkinci bir tərəfdən də, söhbət 2000 min metrdən də yüksək bir dağın başında bayrağın yüksəldiməsindən gedir. Təbiidir ki, bunun texniki çətinlikləri də yox deyil. Xərci bir tərəfdən, texniki problemləri bir tərəfdən çətinlik yarada bilərdi. Yəni bu amillər də mane olmuş ola bilər. Amma belə götürəndə, Türkiyənin istənilən ərazisində, o cümlədən də Ermənistanla sərhəddə bayrağını yüksəltmək problem olmayıb, ola da bilməz. Dediyim kimi, yəqin ki, sadəcə iradə, istək çatışmazlığı olub, ona görə də son günlərə qədər o bayraq orda yüksəldilməyib. İndi yüksəldilib, xoşdur, sevindiricidir və arzu edək ki, həmin bayraq əbədi olaraq orda dalğalansın”.

İradə SARIYEVA

Seçilən
38
baki-xeber.com

1Mənbələr