AZ

Erməni nazirlər Azərbaycanla ticarət yollarını axtarır...


Vüqar Bayramov: “Bir sıra məhsullarda Azərbaycan və Ermənistan arasında ticari əməkdaşlıq mümkündür”

“Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birinə rəqib deyil, əksinə, bir-birini tamamlaya bilər”. Bunu Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan erməni mediasına açıqlamasındabildirib.

Papoyan deyib ki, iki ölkə arasında ticarət əlaqələrinin perspektivlərinə dair elmi məqalə hazırlayıblar: “Azərbaycanın ixrac etdiyi məhsulların mühüm hissəsi Ermənistanın idxal tələbatına, Ermənistanın ixracı isə Azərbaycanın ehtiyaclarına uyğundur. Yəni biz rəqib deyilik, bir-birimizə bir çox mallar sata bilərik. Qarşılıqlı ticarət Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün əsas yarada bilər və siyasi şərait imkan verdiyi halda, bu, hər iki ölkənin iqtisadiyyatına fayda gətirə bilər”.

Maraqlıdır, Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birini tamamlaya bilərmi?

“Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin, iqtisadi əlaqələrin bərpası biznes icmasının prosesə cəlb olunmasına səbəb ola bilər”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra məhsullarda Azərbaycan və Ermənistan arasında ticari əməkdaşlıq mümkündür: “Nəzərə almaq lazımdır ki, hər iki ölkə kifayət qədər ərzaq və qeyri-ərzaq məhsulları idxal edir. Sülh müqaviləsi bağlanandan, münasibətlər tam normallaşandan sonra biz ölkələr arasında ticatət dövriyyəsinin bərpasını müşahidə edə bilərik. Belə ki,Azərbaycan Ermənistana məhsul ixrac edə bilər, eynilə bəzi məhsullar var ki, onların Ermənistandan ölkəmizə idxalı mümkündür. İki ölkə arasında münasibətlər tam normallaşandan sonra bu istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür”.

Millət vəkili hesab edir ki, Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin, iqtisadi əlaqələrin bərpası biznes icmasının prosesə cəlb olunmasına səbəb ola bilər: “Regionda sülh və əməkdaşlıq birmənalı şəkildə region ölkələrinin maraqlarına uyğundur. Bu həmin ölkələrin iqtisadi inkişafına uyğun ola bilər”.

Günel CƏLİLOVA

Seçilən
41
baki-xeber.com

1Mənbələr