"Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü ərəfəsində Türkiyə-Azərbaycan münasibətləri dünyada nümunə göstəriləcək səviyyədədir. İki ölkə liderləri arasında əməkdaşlıq, həmrəylik və qardaşlıq münasibətləri əlaqələrin bütün sahələrinə öz təsirini göstərir. Bu çərçivədə münasibətlər siyasi, iqtisadi, hərbi sahələrdə gündən-günə inkişaf edir və güclənir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, iki lider arasındakı münasibətlər həm Azərbaycan, həm də Türkiyə xalqlarını sevindirir: "Atatürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” fikrindən yola çıxaraq Türkiyə Azərbaycanın problemlərini daim bölüşür. “Əsrin zəlzələsi” baş verdikdə Türkiyəyə ilk yardım edən və ən sonda geri dönən ölkə Azərbaycan olmuşdur. Eyni ilə meşə yanğınlarında da Türkiyəyə ilk çatan və son ayrılan ölkə Azərbaycan idi.
Qarabağla bağlı məsələlərin həllində də Türkiyə hər zaman Azərbaycanın yanında olmuşdur. 1993-cü ildə Türkiyə Ermənistanla sərhədi bağlayaraq və diplomatik münasibətləri kəsərək Azərbaycana birmənalı dəstək göstərmişdir. Bu, dünyada analoqu olmayan bir addımdır – başqa bir ölkə üçün sərhəd bağlayan və diplomatik əlaqələri dayandıran ikinci bir ölkə yoxdur. Bu isə bizim qardaşlığımızın və münasibətlərimizin nə qədər dərin olduğunu göstərir. Cümhuriyyət dövründə də münasibətlər bütün sahələrdə inkişaf edir. Türkiyə-Azərbaycan əlaqələri həm regional, həm də qlobal miqyasda dostluq və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir. Həm Azərbaycan, həm də Türkiyə qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq istəyir. Heç zaman nə Azərbaycanın, nə də Türkiyənin başqa dövlətlərin ərazilərində gözü olmayıb.
Atatürkün “Yurdda sülh, cahanda sülh” (Yurdda sülh, dünyada sülh) prinsipinə uyğun olaraq hərəkət olunur. Türkiyə-Azərbaycan münasibətlərinin bu qədər güclü olması Türk Dövlətləri Təşkilatına da öz müsbət təsirini göstərir. Liderlər arasında əməkdaşlıq və həmrəylik təşkilatın güclənməsinə və üzv dövlətlər arasında münasibətlərin dərinləşməsinə xidmət edir. Bu baxımdan, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümündə Türkiyə-Azərbaycan münasibətləri barmaqla göstəriləcək səviyyədədir və gündən-günə daha da inkişaf edir. Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xüsusilə də 15 iyun 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi gələcəyimizə işıq tutan strateji sənəddir. Cümhuriyyətin ildönümü ərəfəsində bu bəyannamə bizim aydın sabahımıza yol göstərir. Bu sənəd sadəcə bir bəyannamə deyil, eyni zamanda hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilmiş, dövlətlərarası razılaşma səviyyəsinə yüksəlmiş bir sənəddir. Cümhuriyyət bu gün Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldıran dəyər olmuşdur".