Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, kafedranın müdiri professor İlhamə Hacıyeva akademik yazı sahəsində tədris və tədqiqat işlərinin aparılmasının vacibliyini, gənc tədqiqatçıların düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra kafedranın baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Akademik yazıda bütövlük və əsas prinsiplər” mövzusunda məruzə ilə çıxış edib. O, akademik yazının bütövlüyünü təmin edən xüsusiyyətlər, orijinallıq, fərdi tədqiqatın rolu, həmçinin məntiqi struktur, ardıcıllıq, dəqiqlik, aydınlıq, obyektivlik və tərəfsizlik kimi əsas prinsiplər barədə geniş məlumat verib.
Kafedranın müəllimi Pərvin Eyvazov “Akademik yazıda tətbiq olunan modellər” adlı məruzəsində IMRaD, strukturlaşdırılmış yanaşma, huni, problem yönümlü, arqument–əks arqument–sintez, tematik, xronoloji və “hamburger” modelləri haqqında danışıb, onların struktur xüsusiyyətlərini müqayisəli şəkildə təqdim edib.