Son vaxtlar vətəndaşlar arasında “həkimə getmədən müalicə olunmaq” meyli artmaqdadır. Tibbi xidmətlərin bahalığı, uzun növbələr və sosial vəziyyətin ağır olması bir çox insanı həkim qəbuluna yazılmaq əvəzinə birbaşa apteklərə yönəldir. Onlar çox vaxt özünü müalicə üsuluna əl atır, bəzi hallarda isə əczaçıların məsləhəti ilə dərman qəbul edirlər. Bəs, əczaçının xəstəyə resept yazmaq və ya müalicə təyin etmək səlahiyyəti varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, insanların iqtisadi vəziyyəti ağır olduğu üçün əksəriyyət həkimə müraciət etməkdən boyun qaçırır:

“Xəstələrin ümumi güzəranı çox aşağıdır. Belə bir vaxtda Tarif Şurası qiymətləri qaldırır. İnsanlar dərman almaq, müalicə olunmaq imkanını itirirlər. Fikirləşirlər ki, həkimə getsək, arxasınca resept yazılacaq, amma o dərmanları necə alacağıq? Bu düşüncə ilə apteklərə üz tuturlar. Əczaçı da onlara bir-iki dərman məsləhət görür, ümidlə içirlər ki, bəlkə düzəldik”.
Həkim əlavə edib ki, əczaçılar resept yazmaq səlahiyyətinə malik deyillər və yalnız məhdud məsləhət verə bilərlər:
“Əczaçılar geniş tərkibli müalicə və ya resept yaza bilməzlər. Uzağı, baş, qarın və ya temperatur üçün sadə bir dərman tövsiyə edə bilərlər. Apteklərdə çalışanların bir qismi texnikum bitirib. Bəzilərinin isə heç diplomu da yoxdur. Belə halda onların həkim səlahiyyəti ilə hərəkət etməsi düzgün deyil”.
Rasif Bağırov hesab edir ki, bəzən həkimlər də xəstəyə çoxsaylı dərmanlar yazaraq vəziyyəti ağırlaşdırır:
“Elə həkimlər var ki, bir xəstəyə 10-12 dərman yazır. Amma vicdanlı həkimlər də var ki, vəziyyəti düzgün qiymətləndirib, iki dərmanla kifayətlənirlər”.
Mütəxəssis qeyd edib ki, bu vəziyyətin qarşısını almaq üçün həm tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin sosial imkanları balanslaşdırılmalıdır.
Aynurə İsmayıl
KONKRET.az